Azərbaycanın xarici ticarət dövriyyəsinin 39%-i Aİ ölkələrinin payına düşür

Azərbaycanın xarici ticarət dövriyyəsinin 39%-i Aİ ölkələrinin payına düşür
# 08 avqust 2017 09:17 (UTC +04:00)

2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 98 ölkəyə məhsul ixrac olunub, 166 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 10692,8 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 7283,1 mln. dollar, idxalın dəyəri 3409,7 mln. dollar təşkil edib, nəticədə 3873,4 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,8% artıb, real ifadədə isə 16,4%, o cümlədən ixrac 8,6%, idxal 28,6% azalıb.

Ticarət dövriyyəsinin 39%-i Avropa İttifaqı ölkələri, 13,6%-i MDB üzvü dövlətləri, 47,4%-i isə dünyanın digər ölkələrinin payına düşüb.

İxracın dəyərinin 23,1%-i İtaliyaya, 11,7%-i Türkiyəyə, 6,5%-i Çinə, 5,5%-i Rusiyaya, 5%-i Portuqaliyaya, 4,5%-i Gürcüstana, 4%-i İsrailə, 3,8%-i Kanadaya, 3,7%-i Almaniyaya, 3,3%-i Hindistana, hər biri 3,2% olmaqla Tayvan (Çinin əyaləti) və Çexiyaya, qalan 22,5%-i isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.

İdxal olunmuş məhsulların dəyərinin 19,4%-i Rusiyanın, 16,8%-i Türkiyənin, 9,8%-i Çinin, 5%-i Almaniyanın, 4,7%-i Ukraynanın, 4,4%-i ABŞ-ın, 4%-i İtaliyanın, 3,7%-i İranın, 3,3%-i Birləşmiş Krallığın, 1,9%-i Fransanın, hər biri 1,8% olmaqla Qazaxıstan və Belarusun, 23,4%-i isə digər ölkələrin payına düşüb.

2017-ci ilin yanvar-iyun aylarında 737,6 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2016-cı ilin yanvar-iyun aylarına nisbətən faktiki qiymətlərlə 26,8%, real ifadədə isə 24,3% çoxdur.

2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 73,1%, təzə meyvə – 34,3%, kartof – 50,6%, tütün – 36,9%, çay – 44,3%, meyvə və tərəvəz şirələri – 91,7%, təbii üzüm şərabları və üzüm suslosu – 21,5%, polietilen – 1,9%, pambıq lifi – 5,7 dəfə, qara metallardan borular – 0,1%, bentonit gili – 3,9 dəfə artıb, şəkər ixracı isə 21,5%, bitki yağları – 3,7%, meyvə və tərəvəz konservləri – 4,8%, marqarin, qida üçün yararlı digər qarışıqlar – 15,7%, emal olunmamış alüminium – 32,3%, qara metallardan yarımfabrikatlar – 50,5%, pambıq ipliyi – 34,6% azalıb.

2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə 2017-ci ilin yanvar-iyun aylarında xam şəkər və şəkər idxalı 13,5%, təzə meyvə – 10,9%, quş əti və onun əlavə məhsulları – 2 dəfə, mal əti – 2,3 dəfə, minik avtomobilləri – 33,7%, hesablama maşınları, blok və qurğuları – 86%, qara metallardan çubuqlar – 15,9%, rezin şinlər –50,5%, mineral gübrələr – 4,1 dəfə, qara metallardan künclüklər ­ 36,6%, məişət kondisionerləri – 13,8%, paltaryuyan maşınlar – 96,5%, yük avtomobilləri – 65,1%, avtobuslar – 23,1% artıb, buğda idxalı isə 35,2%, bitki yağları – 36,9%, kərə yağı, digər süd yağları və pastaları – 0,4%, kartof – 5,7%, çay – 2,1%, təzə tərəvəz – 46,4%, polad prokatı – 1,4%, qara metallardan borular – 66,5%, mebel – 10,1%, polietilen – 28,2%, sement və sement klinkerləri – 93,6%, məişət soyuducuları – 37,5% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR