AMEA-nın adlı mükafatları üzrə 2018-ci il üçün müsabiqələr elan edilib

AMEA-nın adlı mükafatları üzrə 2018-ci il üçün müsabiqələr elan edilib
# 31 yanvar 2018 12:53 (UTC +04:00)

"Nizami Gəncəvi adına Qızıl medal" və AMEA-nın adlı mükafatları üzrə 2018-ci il üçün müsabiqələr elan edilib.


APA-nın xəbərinə görə, bu barədə AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar qəbul olunub.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, "Nizami Gəncəvi adına Qızıl medal" ildə bir dəfə Azərbaycan vətəndaşları və əcnəbilərə mühüm fundamental və tətbiqi elmi nəticə, əsər, kəşf, ixtira, habelə elmin inkişafındakı xüsusi xidmətlərinə görə təqdim olunur.

A. Əlizadə qeyd edib ki, AMEA-nın Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, Akademik Üzeyir Hacıbəyli, Akademik Mirəsədulla Mirqasımov, Akademik Yusif Məmmədəliyev, Akademik Musa Əliyev və Abbasqulu ağa Bakıxanov adına mükafatları elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək məqsədilə təqdim edilir.

İclasda o da qeyd olunub ki, mükafatlara namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi bölmələri, elmi-tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürülə bilər.

Namizədlər haqqında təqdimatlar müvafiq sənədlərlə birlikdə martın 1-dək Ekspert Komissiyasına təqdim edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR