Fənn olimpiadalarının qalibləri mükafatlandırılıb

Fənn olimpiadalarının qalibləri mükafatlandırılıb
# 15 may 2018 15:09 (UTC +04:00)

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırma mərasimi keçirilib.


APA-nın xəbərinə görə, tədbirdə Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev bildirib ki, respublika fənn olimpiadalarının nəticələrinə əsasən bu il 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla 276 nəfər, ümumilikdə isə Naxçıvan da daxil olmaqla, 298 nəfər qalib elan olunub.

Təhsil naziri Ceyhun Bayramov qeyd edib ki, bu il respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak edib: "Respublika fənn olimpiadalarında əldə edilən 298 medalın 157-si Bakı, 141-i isə digər bölgələrin payına düşür. Ümumilikdə, Azərbaycanın 50 müxtəlif bölgəsində təhsil alan şagirdlər olimpiadanın qalibləri sırasında yer alıb".

Nazir beynəlxalq olimpiadalarda nəticələrin ildən-ilə yaxşılaşdığını da vurğulayıb: "Azərbaycan məktəbliləri 1994-cü ildən beynəlxalq olimpiadalarda 314 medal qazanıb. Son 5 il ərzində isə məktəblilər 3 qızıl, 21 gümüş və 85 bürünc medal olmaqla ümumilikdə 109 medal qazanıblar. Bu da müstəqillik dövründə qazanılmış bütün medalların təxminən 35 faizi edir".

Tədbirin sonunda olimpiada qaliblərinə mükafatlar təqdim edilib.

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla, 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib. Yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR