Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı apellyasiya şikayəti verib

Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı apellyasiya şikayəti verib
# 14 aprel 2017 13:52 (UTC +04:00)

Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Vəkil Telman Abdiyev APA-ya açıqlamasında deyib ki, məhkəmə hökmünü almasalar da, artıq apellyasiya şikayəti ilə məhkəməyə müraciət ediblər: “Apellyasiya şikayəti vermək üçün müddət başa çatırdı. Biz bu müddətin keçməməsi üçün hökmü almadan apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişik. Şikayətdə Şahin Sultanovun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişik”

T. Abdiyev bildirib ki, təqsirləndirilən şəxslərdən Kazım Əsgərov da apellyasiya şikayəti verib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şahin Sultanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 3 il sınaq müddəti olmaqla şərti hesab edilib.

Digər təqsirləndirilənlər Qalib Hacıyev 2 il sınaq müddəti təyin edilməklə 5 il şərti cəzaya məhkum edilib. Həbsdə olan Kazım Əsgərovun barəsində isə şərti cəza təyin edilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Kamandar Paşayev, Vüqar Hacıyev, Əziz Xıdırov da şərti cəzaya məhkum edilərək, həbsdən azad ediliblər.

Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2015-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Bir müddət əvvəl Bakı Hərbi Məhkəməsində Ş. Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb. Prosesdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR