Azərbaycan FTSE indeksinin təsnifat siyahısına daxil ediləcək

Azərbaycan FTSE indeksinin təsnifat siyahısına daxil ediləcək
# 31 yanvar 2018 08:41 (UTC +04:00)

Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Vüqar Namazov London Fond Birjasında səfərdə olub.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, səfər çərçivəsində London Fond Birjası və Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisi ilə hər iki ölkənin fond bazarları arasında əlaqələrin möhkəmlənməsi və inkişaf etdirilməsi istiqamətində görüşlər keçirilib.

Görüşdə Listinq və kapital bazarları vasitəsi ilə maliyyələşmənin təşviqi, törəmə maliyyə alətlərinin ticarət zəncirinin təşkili, dövlət qiymətli kağızlarının ticarəti üzrə mövcud təcrübələr, ticarət sonrası institutlar arasında əlaqələrin gücləndirilməsi, blokçeyn texnologiyalarının tətbiqi sahələrində London Fond Birjasının təcrübəsinin öyrənilməsi ətrafında müzakirələr aparılıb.

Görüşün nəticəsi olaraq, listinqi məhdudlaşdıran amillərin aradan qaldırılması və cəlbediciliyinin artırılması, maarifləndirici-təşviqedici tədbirlərin keçirilməsi, törəmə maliyyə alətlərinin ticarətinin təşkili, Azərbaycanın FTSE (Financial Times Stock Exchange) indeksinə təsnifat siyahısına daxil edilməsi istiqamətində razılaşma əldə edilib.

Qeyd edək ki, birja indeksi daha likvid olan adi səhmlər yaxud istiqraz vərəqələri səbəti əsasında müəyyən mənada hesablanan bazarın vəziyyətini əks edən indikatordur. Birja indeksləri fond bazarının vəziyyətini bütövlükdə ümumi qiymətləndirməyə, iqtisadi sikldə cari anı təyin etməyə imkan verir. Coğrafi cəhətdən indekslər MSCI World (dünyanın 6 min şirkəti bura daxildir) və S&P Global 100 Index (müvafiq olaraq 100 ən iri şirkəti) kimi beynəlxalq indekslərə və Dow Jones Industrial Average, S&P 500, FTSE 100 (Böyük Britaniyanın iri şirkətlərin səhmləri) kimi milli indekslərə bölünürlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR