Gələn il əmək pensiyasına çıxanların sayı builkindən 16 min nəfər çox olacaq

Gələn il əmək pensiyasına çıxanların sayı builkindən 16 min nəfər çox olacaq
# 22 dekabr 2016 10:39 (UTC +04:00)

"2017-ci ilin dövlət büdcəsinin gəlir və xərclərində cari illə müqayisədə azalma baş verməsinə, bir çox sahələr üzrə xərclərin ixtisarına baxmayaraq, əvvəlki illərdə olduğu kimi, gələn il də büdcənin sosialyönümlü olması təmin ediləcək. Bu sahələr üzrə xərclər artırılacaq". "APA-Economics" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.

Nazir qeyd edib ki, ümumilikdə 2017-ci ilin dövlət büdcəsinin 40,3%-i məhz sosialyönümlü xərclər üçün nəzərdə tutulub.

S. Müslümov əlavə edib ki, Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcə layihəsi son illərin sosial-iqtisadi göstəriciləri, Fondun büdcəsinin 2015-ci il və 2016-cı ilin ötən dövrü üzrə icra nəticələri ilə bərabər, növbəti ilin demoqrafik inkişaf trendləri, məşğulluq və sığorta-pensiya sisteminin əsas parametrləri üzrə proqnozlar əsasında hazırlanıb: "Belə ki, gələn il doğulanların sayının 159 min nəfər, doğulanda gözlənilən ömür uzunluğunun 75,2 yaş (qadınlar üzrə 77,6 yaş, kişilər üzrə 72,7 yaş) olacağı, 15-64 yaşadək, yəni əməkqabiliyyətli yaşda olan əhalinin bütün əhalinin 71,3%-ini, 65 yaşdan yuxarı əhalinin isə bütün əhalinin 6,2%-ini təşkil edəcəyi gözlənilir. İqtisadiyyatda məşğul olanların orta illik sayının 4 mln. 741 min nəfər, muzdla işləyənlərin orta illik sayının isə 1 mln. 520 min nəfər və ya məşğul əhalinin 32,1%-i qədər olacağı, bir işçiyə hesablanmış orta aylıq əmək haqqının ilin əvvəlinə nisbətən 3,7% artaraq 508,4 manata çatacağı proqnozlaşdırılır. 2017-ci ildə pensiya sisteminə daxil olacaq və pensiya sistemindən çıxacaq pensiyaçıların sayı üzrə proqnozlar əmək pensiyaçılarının orta illik sayının cari ilin orta illik gözlənilən sayından 16 min nəfər çox, yəni 1 mln. 324 min nəfərə çatacağını göstərir".

Onun sözlərinə görə, növbəti il üçün Fondun büdcəsinin xərcləri cari ilin icra göstəricisinə nisbətən 248 mln. manat və ya 8% çox olmaqla 3,4 mlrd. manat həcmində gözlənilir: "Həmin vəsait hesabına əmək pensiyaları üzrə xərclərin 229 mln. manat, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə xərclərin 5,6 mln. manat, digər xərclərin isə 13,4 mln. manat artacağı gözlənilir. 2017-ci ildə Fondun xərclərinin 97,6%-nin, yəni 3 mlrd. 318 mln. manatın məhz əhaliyə ödənişlərə yönəldilməsi proqnozlaşdırılır ki, bu da 2016-cı ilin gözlənilən icra göstəricisindən 234 mln. manat və ya 7,6% çoxdur".

Əhaliyə ödənişlərin məbləği əmək pensiyaları və sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə xərclərdən ibarətdir. Əmək pensiyalarının ödənişi xərclərinin əhaliyə ödənişlərin 97%-ini təşkil edərək, 2016-cı ilin gözlənilən icra göstəricisindən 7,7% çox, yəni 3 mlrd. 214 mln. manat həcmində olacağı nəzərdə tutulur. Gələn il də əmək pensiyalarının sığorta hissəsinin 2016-cı ilin yekunlarına görə indeksləşdirilməsi təmin olunacaq və bu məqsədlə 127 mln. manat vəsaitin sərf olunacağı gözlənilir. Ümumilikdə pensiyaçıların sosial müdafiəsi tədbirlərinin reallaşdırılması nəticəsində pensiyalarda mütəmadi artım dinamikası 2017-ci ildə də davam edəcək və növbəti ildə əmək pensiyalarının orta aylıq məbləğinin 5,8% artaraq 202,3 manata çatacağı proqnozlaşdırılır", - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR