Azərbaycan və Türkiyə arasında miqrasiya sahəsində münasibətlər müzakirə edilib

Azərbaycan və Türkiyə arasında miqrasiya sahəsində münasibətlər müzakirə edilib
# 10 may 2018 09:20 (UTC +04:00)

Dövlətn Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Xidmətin inzibati binasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Xidmətin mətbuat xidmətindən APA-ua verilən xəbərə görə, ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı əməkdaşlığın perspektivlərinin müzakirə edilməsi məqsədilə keçirilən görüşdə V. Hüseynov ölkələr arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən miqrasiya sahəsində bundan sonra da uğurla inkişafına və genişlənəcəyinə əminliyini ifadə edib. O, Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində qarşılıqlı münasibətlərin tənzimlənməsi üçün müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin zəruriliyindən danışıb, prezident İlham Əliyevin 2013-cü ilin noyabrında Türkiyəyə rəsmi səfəri çərçivəsində iki ölkənin hökumətləri arasında bir sıra sahələrdə olduğu kimi, əmək, əmək miqrasiyası, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıqla bağlı “Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair” Sazişin əhəmiyyətini vurğulayıb.

Görüşdə qeyri-müəyyən vəziyyətdə olan vətəndaşların leqallaşdırılması və statuslarının müəyyənləşdirilməsi məqsədini daşıyan “Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin nəzdində Miqrasiya İdarəsi üzrə Baş Direktorluğu ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti arasında həyata keçiriləcək Razılaşma Memorandumu”nun layihəsi haqqında söhbət açılıb.

Yeni təyinatı ilə bağlı Xidmət rəisini təbrik edən səfir E.Özoral səmimi qəbula görə təşəkkürünü bildirib. O, gələcəkdə Azərbaycan ilə Türkiyə arasında miqrasiya sahəsində mövcud olan münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR