GAMK sədri: “Azərbaycanda yaşayan gürcülərin hüquqları pozulmur”

GAMK sədri: “Azərbaycanda yaşayan gürcülərin hüquqları pozulmur”
# 23 may 2018 11:09 (UTC +04:00)

“Azərbaycan və Gürcüstan arasındakı münasibətləri korlamağa cəhd edənlər məqsədlərinə nail ola bilməyəcəklər”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayev keçirdiyi brifinqdə deyib.

Ə. Babayev bildirib ki, bu yaxınlarda Giorqoba bayramının qeyd olunduğu günlərdə Azərbaycanda gürcülərin sıx yaşadığı Balakən, Zaqatala və Qax rayonlarına səfər edib: “Səfər zamanı rayon icra hakimiyyətlərinin nümayəndələri, Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze, digər rəsmi şəxslər və yerli sakinlərlə görüşdüm. Qax rayonunda Müqəddəs Georgi kilsəsinə də baş çəkdim və dini bayramın azad şəkildə qeyd olunduğunu müşahidə etdim. Azərbaycanda yaşayan gürcülərin hüquqları pozulmur. Onlar azərbaycanlılarla birgə sülh və əmin-amanlıq şəraitində yaşayırlar”.


Ə. Babayev qeyd edib ki, özlərini siyasətçi adlandıran bəzi şəxslər Azərbaycanda yaşayan gürcülərlə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqla iki dost xalq arasındakı münasibətlərə xələl gətirməyə çalışırlar: “Həmin şəxslər heç nə edə bilməyəcəklər. Çünki Azərbaycan və Gürcüstan xalqları arasında qardaşlıq münasibətləri çox möhkəmdir. Azərbaycan prezidenti də bəyan edib ki, Gürcüstanla münasibətlərdə həll olunmamış problem mövcud deyil. Hər iki ölkənin parlamentləri arasında dostluq qrupları fəaliyyət göstərir, mövcud problemlər öyrənilir və onların həlli yolları axtarılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR