MBNP: Daşınar əmlakların yüklülüyü yeni kreditləşmə fazasına keçidi şərtləndirəcək

MBNP: Daşınar əmlakların yüklülüyü yeni kreditləşmə fazasına keçidi şərtləndirəcək
# 15 mart 2018 08:34 (UTC +04:00)

Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılmış "Daşınar əmlakın yüklülüyünün dövlət reyestri"nin təqdimatı keçirilib.

"APA-Economics"in məlumatına görə, Palatanın baş icraçı direktoru İbrahim Alışov 2016-2017-ci illər ərzində dövlət təşkilatları, publik hüquqi şəxslər, habelə maliyyə bazarlarının iştirakçıları tərəfindən ölkə prezidenti İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin icrası nəticəsində müsbət iqtisadi meyllərin yarandığını, inflyasiyanın azaldığını, milli valyutanın məzənnəsinin sabitləşdiyini, bank sektoruna kapital qoyuluşunun təmin edildiyini, əmanətlərin artdığını və əhalinin maliyyə sektoruna etimadının bərpa olunduğunu bildirib.

Qeyd olunub ki, maliyyə bazarlarına etimadın bərpası və kredit aktivliyinin artırılması istiqamətində aparılmış xüsusi əhəmiyyətli institusional islahatlar isə Azərbaycan İpoteka Və Kredit Zəmanət Fondunun və Özəl kredit Bürosunun yaradılması olub. Daşınar əmlakın yüklülüyünün reyestrinin formalaşdırılmasının da maliyyə vasitəçiliyinin dərinləşməsində əhəmiyyətli rola malik olacağı vurğulanıb.

Reyestrin əsas fəaliyyət prinsiplərinin dövlət qeydiyyatında olmayan əmlakların yüklülüyünün bazasının yaradılması, borcverən tərəflərin bu məlumatlara sərbəst çıxışının təmin edilməsi, yüklü əmlakın təkrar istifadəsinin məhdudlaşdırılması, yüklü edilmiş əmlakın məhkəmədən kənar realizasiyası və bununla da təminat çeşidinin artırılması olduğunu qeyd edən baş icraçı direktor sözügedən reyestrin ölkədə yeni kreditləşmə fazasına keçidi şərtləndirən amil olacağını vurğulayıb.

İ.Alışov qeyd edib ki, reyestrin effektiv fəaliyyəti daşınmaz əmlak təminatı olmayan hüquqi və fiziki şəxsləri daşınar əmlaklarını reyestrdə yüklü etməklə kredit təşkilatlarından vəsait cəlb etməsini stimullaşdıracaq: "Bu da nəticədə maliyyə əlçatanlığının artımını şərtləndirəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR