Çempionlar Liqasında 1/4 final mərhələsi start götürür

Çempionlar Liqasında 1/4 final mərhələsi start götürür
# 02 aprel 2018 10:02 (UTC +04:00)

Sabah Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

Gecənin ən diqqətçəkən görüşündə ötənilki finalçılar “Yuventus” və “Real” üz-üzə gələcək. Turinlilərin heyətində cəzalı olan Medhi Benatia və Miralem Pyaniç bu görüşü buraxacaq. Zədəli Aleks Sandronun da meydana çıxacağı sual altındadı. “Real”da isə kapitan Serxio Ramos zədə ucbatından forma geyinməyə bilər. Start fiti saat 22:45-də veriləcək qarşılaşmanın baş hakimi türkiyəli Cüneyt Çakır olacaq.

1/8 finalda “Beşiktaş”ı mübarizədən kənarlaşdıran “Bavariya” İspaniyada “Sevilya” ilə qarşılaşacaq. İndiyədək avrokuboklarda üz-üzə gəlməyən komandaların ilk duelində Almaniya təmsilçisi favorit hesab olunur. Lakin “pivəçilər” son 5 İspaniya səfərindən əliboş dönüb. “Sevilya”da cəzalı Ever Baneqa bu oyunda iştirak etməyəcək. “Bavariya”da isə heyət baxımından heç bir itki yoxdu.

Aprelin 4-də mərhələnin daha 2 oyunu keçiriləcək. Həmin gün İngiltərənin 2 təmsilçisi “Liverpul” və “Mançester Siti” münasibətlərinə aydınlıq gətirəcək. Bu kollektivlərin avrokuboklarda ilk oyununa maraq böyükdü. “Qırmızılar”ın heyətində Əmrə Canın, “mavilər”də isə Serxio Aqueronun matçda forma geyinib-geyinməyəcəyi bəlli deyil.

Mərhələnin son matçında “Barselona” “Roma”nı qəbul edəcək. Kataloniyalılar İtaliya klublarına qarşı keçirdiyi son 12 ev oyununda məğlub olmayıb. Bu kollektivlər avrokuboklarda 4 dəfə qarşılaşıb. Həmin görüşlərdə hərəyə 1 qələbə qazanan komandalar 2 oyunda isə bərabərliyə razılaşıb.

Çempionlar Liqası

1/4 final (ilk oyunlar)

3 aprel

22:45. “Yuventus” (İtaliya) – “Real” (İspaniya)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Turin, “Yuventus” stadionu

22:45. “Sevilya” (İspaniya) - “Bavariya” (Almaniya)

Baş hakim: Daniele Orsata (İtaliya)

Sevilya, “Roman Sançes Pisxuan” stadionu

4 aprel

22:45. “Liverpul” (İngiltərə) – “Mançester Siti” (İngiltərə)

Liverpul, “Enfild Roud” stadionu

22:45. “Barselona” (İspaniya) – “Roma” (İtaliya)

Barselona, “Nou Kamp” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR