“Azərbaycan Dəmir Yolları” QSC-nin və Avtomobil Yolları Dövlət Agentliyinin vəzifəli şəxsləri məhkəmədə ifadə verəcək

“Azərbaycan Dəmir Yolları” QSC-nin və Avtomobil Yolları Dövlət Agentliyinin vəzifəli şəxsləri məhkəmədə ifadə verəcək
# 23 may 2018 09:35 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə R. Hüseynovun vəkili məhkəməyə maddi sübut kimi təqdim olunan alqı-satqı kitablarının araşdırılması haqqında vəsatət qaldırıb. Vəkil deyib ki, kitablarda adı keçən vəzifəli şəxslər məhkəməyə şahid qismində dəvət olunmalıdır. Vəkil bildirib ki, kitablarda xərclənən pulların təyinatı və Əvəz Qocayevə (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini) məxsus bağın tikintisinə 600 min manat pul ayrılması haqqında qeydlər var.

R. Hüseynov isə deyib ki, kitabda adı keçən Rizvan Rzayev hazırda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəis müavinidir: "Ona da pullar faizlə çatıb. Elnar Əsgərov pulları mənə verirdi, mən də o pulları başqalarına çatdırırdım".

Məhkəmə verilən vəsatəti təmin edib və alqı-satqı kitablarında adı kçəkilən vəzifəli şəxslərin məhkəmədə dindirilməsi haqqında qərar verib.

İttihama görə, R. Hüseynov külli miqdarda dələduzluqda təqsirləndirilir. İş üzrə zərərçəkmiş şəxslərdən biri Tovuz rayon İcra Hakimiyyətinin başçısının oğlu Qoşqar Zeylovdur. R. Hüseynov barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R. Hüseynov ləğv edilmiş Nəqliyyat Nazirliyində nazir müavini vəzifəsində çalışmış, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri Arif Əsgərovun baldızı oğludur.

R. Hüseynovun digər qardaşı Emil Hüseynov barəsində də cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. E. Hüseynov 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, E.Hüseynov Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub, 2016-cı ilin dekabr ayında "İnrerpol" xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR