SOCAR İstiqrazlarının sahibləri indiyədək 16 mln. dollardan çox gəlir əldə ediblər

SOCAR İstiqrazlarının sahibləri indiyədək 16 mln. dollardan çox gəlir əldə ediblər
# 17 yanvar 2020 12:26 (UTC +04:00)

SOCAR İstiqrazları 17 yanvar tarixində baş tutan sayca 13-cü, 2020-ci ilin isə 1-ci faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1,25 mln. ABŞ dolları həcmində gəlir qazandırdı.

“SOCAR Capital” şirkətindən “APA-Economics”ə verilən məlumata əsasən, bununla da istiqraz sahiblərinin ümumi qazancı 16,25 mln. dollara yüksəldi.

Qeyd edək ki, nominal qiyməti 1 000 dollar, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri 3 aylıq qrafiklərlə ödənilən SOCAR İstiqrazlarının 1,25 mln. dollarlıq rüblük faiz məbləği istiqraz sahiblərinin hesablarına köçürülüb.

Təkrar bazar əməliyyatlarının həcminin $185 mln. çatması, bağlanmış əqd sayının 2 000-i ötməsi, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə alətinə çevrilməsi və REPO əməliyyatlarının 34 mln. dollara yaxınlaşması SOCAR İstiqrazlarına olan yüksək tələbatdan xəbər verir.

SOCAR İstiqrazı sahibləri hazırda uyğun şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqraz(lar)ı müvafiq bankda girov qoymaqla, 15-16% faizlə Manat krediti cəlb edə bilərlər. Belə olan halda, istiqraz sahibləri 5%-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktiki faiz dərəcəsi 9-10%-dək enmiş olur.

Bütün bu qeyd olunan göstəricilərin ümumi nəticəsidir ki, cari il ərzində yeni istiqrazların buraxılması planlaşdırılır və müvafiq yöndə hazırlıq işləri davam etdirilir.

SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2020-ci ilin 17 aprel tarixində baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR