"İnsan alverinə son qoyulması barədə danışarkən ləyaqətinə hörmətlə yanaşmalı olduğumuz insanlardan bəhs etdiyimizi unutmamalıyıq".
Beynəlxalq Miqrasiya Təşkilatından APA-ya verilən xəbərə görə, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər üzrə müvəkkili Uilyam Gill Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü münasibətilə Qusarda təşkil edilmiş konfransın açılışında deyib.
Daha sonra çıxış edən BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak bildirib ki, şirkətlər öz işçilərinə dəyən zərərin məsuliyyətini öz üzərinə götürə bilməli və insan alveri qurbanlarına kömək etmək üçün bütün mümkün addımların atılmasını təmin etməlidir – bunu hökumətlər, qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar və qurbanların özləri ilə sıx əlaqəli şəkildə birgə edə bilərlər.
Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə üzrə Baş İdarəsinin rəis müavini Samir Zeynalov və Dövlət Miqrasiya Xidmətinin Xaçmaz Regional Miqrasiya İdarəsinin rəisi Hidayət Rüstəmov da tədbirdə çıxış ediblər.
Tədbirdə bildirilib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) daxil olmaqla, ABŞ hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində BMqT və Azərbaycan hökuməti insan alverinin qarşısını almaq, insan alveri ilə məşğul olanları cəzalandırmaq, eləcə də insan alveri qurbanlarına və onların ailələrinə kömək etmək üçün birgə çalışırlar. USAİD-in maliyyə dəstəyi ilə BMqT həmçinin Azərbaycanda məişət zorakılığı, istismar və insan alveri qurbanlarına yardım edən üç sığınacağa yardım edib. Vətəndaş cəmiyyəti təşkilatlarının nəzdində fəaliyyət göstərən sığınacaqlarda insan alveri qurbanlarına həyatlarını yenidən qurmaq və cəmiyyətə yenidən inteqrasiya olmaq üçün kömək məqsədilə psixoloji, tibbi və hüquqi yardım göstərilir. Layihənin dəstəklədiyi üç sığınacaq 118-dən çox insan alveri qurbanına və bu təhlükə ilə üzləşmək ehtimalı olan 1,211-dən çox fərdə birbaşa yardım göstərib.
Qeyd edək ki, tədbirin əsas məqsədi belə mürəkkəb transsərhəd məsələləri həll etmək üçün əməkdaşlığı gücləndirməkdir.