AXC yaranmasının 100-cü illiyinə həsr olunmuş tədbir keçirilib

AXC yaranmasının 100-cü illiyinə həsr olunmuş tədbir keçirilib
# 23 may 2018 08:41 (UTC +04:00)

Vəkillər Kollegiyası Rəyasət Heyətinin təşkilatçılığı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.


APA-nın xəbərinə görə, Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublika Azərbaycan Xalq Cümhuriyyəti qurulub.

Onun sözlərinə görə, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə AXC dövründə vəkillik fəaliyyətinin araşdırılması ilə bağlı Komissiya yaradılıb: "Komissiya tərəfindən Milli Arxiv İdarəsində aparılmış tədqiqatın nəticəsində Əlimərdan bəy Topşubaşov, İsmayılxan Ziyadxanov, Xəlil bəy Xasməmmədov və Fətəli xan Xoyskinin adları həmin dövrdə tərtib olunmuş vəkillərin reyestrində aşkar olunub. Bu fakt cümhuriyyətin yaranmasında vəkillərin böyük rolunun olduğunu göstərir".

A. Bağırov Rəyasət Heyətinin qərarı ilə İsmayılxan Ziyadxanovun adına xatirə döş nişanı, Əlimərdan bəy Topçubaşovun adına hüquq fakültəsinin təhsildə fərqlənən tələbələri üçün təqaüdün təsis edildiyi elan edib.

Tədbir zamanı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 87 nəfər vəkilliyə namizədin andiçmə mərasimi də keçirilib. Onlara Vəkillər Kollegiyası üzvünün vəsiqəsi təqdim edilib.

A. Bağırov bildirib ki, hazırda vəkilliyə qəbul üzrə namizədlərin sənəd qəbulu, habelə bu il yanvarın 28-də keçirilmiş yazılı test imtahanlarını uğurla keçmiş namizədlərlə şifahi müsahibələr aparılmaqdadır.

Sonda Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin hazırladığı “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR