Fövqəladə Hallar Nazirliyində "İnşaatçılar Günü" münasibətilə tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyində "İnşaatçılar Günü" münasibətilə tədbir keçirilib
# 12 aprel 2018 10:29 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə “10 aprel - İnşaatçılar Günü” münasibətilə tədbir keçirilib.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağızadə və general-leytenant Ragim Lətifov iştirak ediblər.

Əvvəlcə, mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyublar.

Dövlət himninin səslənməsi ilə başlanan tədbiri açıq elan edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 dekabr 2009-cu il tarixli Sərəncamı ilə aprel ayının 10-un inşaatçıların peşə bayramı günü kimi qeyd olunması bu sektorda çalışan şəxslərin əməyinə dövlət səviyyəsində verilən yüksək qiymətdir. O, Fövqəladə Hallar Nazirliyinin sözügedən sahədə çalışan əməkdaşlarının da ölkədə gedən tikinti-abadlıq işlərinə xüsusi töhfə verdiklərini vurğulayaraq onları peşə bayramı münasibətilə təbrik edib.

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Ragim Lətifov dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilən genişmiqyaslı və sürətli islahatların tikinti sahəsinə də sirayət etdiyini, nəticədə ölkəmizdə tikinti-abadlıq, quruculuq işlərinin geniş vüsət aldığını, şəhər və kəndlərimizin simasının ildən-ilə gözəlləşdiyini, misilsiz memarlıq incilərinin yaradıldığını diqqətə çatdırıb, bu işlərin reallaşdırılmasında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşlarının da böyük zəhmətinin olduğunu bildirib. O, Agentlik əməkdaşlarının təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işində göstərdikləri xidmətləri yüksək qiymətləndirib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamızda tikinti sektorunun sürətli inkişafından danışıb.

Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssislərinin tikinti sahəsində dövlət siyasətinin həyata keçirilməsində aktiv iştirak etdiyini vurğulayan natiq agentliyin əməkdaşlarını təbrik edərək uğurlar arzulayıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov ölkəmizdə aparılan tikinti-quruculuq, bərpa-abadlıq işlərində FHN-in aidiyyəti qurumlarının da böyük payı olduğunu diqqətə çatdırıb.

Toplantıda FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları Xəlil Osmanov və Dilarə Qasımova da çıxış edərək görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

Tədbirdə "İnşaatçılar Günü" münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının İcraiyyə Komitəsi tərəfindən Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində çalışan yubiley yaşları tamam olan və vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusilə fərqlənmiş əməkdaşlara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Bundan əlavə, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 25 illik yubileyi” döş nişanı ilə, daha üç əməkdaş isə fəxri fərmanla təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR