XİN rəhbəri: “Azərbaycan və Türkiyə arasında artan hərbi əlaqələr hər iki ölkəyə strateji, lakin həssas Qafqaz regionunda daha çox çeviklik verəcək”

XİN rəhbəri: “Azərbaycan və Türkiyə arasında artan hərbi əlaqələr hər iki ölkəyə strateji, lakin həssas Qafqaz regionunda daha çox çeviklik verəcək”
# 10 sentyabr 2015 17:21 (UTC +04:00)

Bakı-APA. “Azərbaycan regional təhlükəsizlik və terrorizmə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığa öz tövhələrini verir. Biz nəinki regionumuzda, hətta bunun hüdudlarından kənarda belə sülhün, sabitliyin əmin-amanlığın möhkəmləndirilməsi üçün bütün güclərimizi səfərbər edirik”. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, TDƏŞ-in iki üzvü Azərbaycan və Türkiyə son illər hərbi əlaqələri gücləndirib, hər iki ölkədə tez-tez və daha geniş hərbi təlimlər keçirilib: “Azərbaycan və Türkiyə arasında belə artan hərbi əlaqələr döyüş hazırlığını və bacarığını inkişaf etdirəcək, eləcə də qarşılıqlı fəaliyyətin təşkili hər iki ölkəyə strateji, lakin həssas Qafqaz regionunda daha çox çeviklik verəcək”.

Elmar Məmmədyarovun sözlərinə görə, bütün dünyada cərəyan edən son hadisələr bir daha sübut etdi ki, sülhü və sabitliyi möhkəmləndirməyin əsas sütunları dövlətlər tərəfindən hər birinin suverenliyinə, ərazi bütövlüyünə hörmət və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, o cümlədən təcavüz siyasətindən çəkinməkdir: “Buna baxmayaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü erməni işğalının nəticəsi kimi 20 ildən çoxdur ki pozulub. Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır. Ermənistan tərəfindən yerli əhalimizə qarşı etnik təmizləmə siyasəti aparılıb və demək olar ki, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün olub. Əsas ənənəvi insan hüquqları da daxil olmaqla, bütün beynəlxalq norma və prinsiplər həyasızcasına pozulub. Hələ də Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Azərbaycan torpaqlarından Ermənistanın işğalçı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam çıxarılmasına dair dörd qətnaməsinə kobud şəkildə rədd edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR