Sofiyada Erix Fayqlın “İpək Yolu üzərində Odlar yurdu - Azərbaycan tarixi” kitabının təqdimatı keçirilib

Sofiyada Erix Fayqlın “İpək Yolu üzərində Odlar yurdu - Azərbaycan tarixi” kitabının təqdimatı keçirilib
# 21 noyabr 2017 11:07 (UTC +04:00)

Sofiyada Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycanın Bolqarıstandakı səfirliyi, Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli Avstriya tarixçisi, alim və yazıçı Erix Fayqlın bolqar dilinə tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının təqdimatı keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, konfransda Bolqarıstanın sabiq prezidenti Georgi Pırvanov, Bolqarıstan Elmlər Akademiyasının (BEA) sabiq prezidenti Stefan Vodeniçarov, BEA-nın vitse-prezidenti Vasil Nikolov, Arxiv Dövlət Agentliyinin prezidenti Mixail Qruev və vitse-prezidenti Rumen Borisov, Bolqarıstanın Prezidenti Administrasiyası və Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmiləri, Kitabxanaçılıq Tədqiqatları və İnformasiya Texnologiyaları Universitetinin rektoru Stefan Dençev, dövlət və özəl qurumlarının nümayəndələri, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, KİV, QHT nümayəndələri və tarixçilər iştirak ediblər.

Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, BEA-nın Tarix İnstitutunun direktor müavini Blaqovest Nyaqulov, Azərbaycan Milli Məclisinin deputatı, AMEA-nın Abbasqulu Ağa Bakixanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, sözügedən kitabı bolqar dilinə tərcümə etmiş Bolqarıstanın Ehtiyatda olan zabitlər və serjantlar İttifaqının üzvü, ehtiyatda olan polkovnik Todor Enev və kitabın redaktoru Solmaz Süleymanova çıxış ediblər.

Səfir N. Qurbanova arxeoloji abidələrlə zəngin olan Azərbaycan ərazisinin sivilizasiyanın qədim beşiklərindən biri olduğunu deyib. O, 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını Azərbaycan tarixinin parlaq səhifələrindən biri olaraq qiymətləndirərək bu dövlətin müsəlman Şərqində ilk demokratik, dünyəvi respublika olduğunu bildirib. Diplomat Azərbaycan tarixinin faciəli məqamlarından olan Ermənistan-Azərbaycan münaqişəsinin uzun illər boyu həll edilməməsini təəssüf hissi ilə vurğulayaraq münaqişənin Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla, Azərbaycan ərazisinin beşdə birinin işğalı, ölkədə hər on şəxsdən birinin qaçqın və ya məcburi köçkünə çevrilməsi ilə nəticələndiyini, davam edən hərbi işğal və işğal olunmuş ərazilərdə etnik təmizləmə ilə yanaşı, Azərbaycanın mədəni irsi və mülki infrastrukturunun əvəzolunmaz itkilərə məruz qalmasını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Səfir bolqar dilində Azərbaycan tarixi barədə ilk fundamental əsər olan, məşhur Avstriya tarixçisi E. Fayqlın “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının ərsəyə gəlməsində Bolqarıstanın Ehtiyatda olan zabitlər və serjantlar İttifaqının üzvü, ehtiyatda olan polkovnik T. Enevin töhfəsindən danışaraq ona təşəkkürünü ifadə edib.

AMEA-nın Abbasqulu Ağa Bakixanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Azərbaycanda hələ 5000 il bundan əvvəl yaranmış ilk dövlətlər, 237 il hökmranlıq etmiş Səfəvilər İmperiyası, müsəlman Şərqində ilk demokratik respublika olan AXC, İkinci Dünya Müharibəsində SSRİ-nin qələbəsində mühüm rol oynamış Bakı nefti və s. barədə məlumat verib. O, I Pyotrun göstərişi ilə ermənilərin Qafqaza köçürülməsi, İrəvan quberniyasının yaradılması, 1918-ci ildə ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırım hadisələri və s. barədə da geniş danışıb.

Kitabın redaktoru S. Süleymanova çıxış edərək redaktoru olduğu kitabın bolqar dilinə tərcüməsinin tarixi barədə qısa məlumat verib və kitabın bolqar xalqına həqiqi Azərbaycan tarixini öyrənməyə imkan yaratdığını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR