ABŞ-ın San-Diyeqo şəhərində Azərbaycanın müstəqilliyinin 25 illiyi qeyd olunub

ABŞ-ın San-Diyeqo şəhərində Azərbaycanın müstəqilliyinin 25 illiyi qeyd olunub
# 28 oktyabr 2016 09:39 (UTC +04:00)

ABŞ-ın Kaliforniya ştatının San Diyeqo şəhərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi təntənəli şəkildə qeyd olunub.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, Baş Konsulluq tərəfindən keçirilən ziyafətdə Bakı ilə San Diyeqo arasında münasibətlərin yaradılmasının 5-ci ildönümü də qeyd edilib.

Tədbirdə şəhər ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən Kaliforniya Ştat Assambleyasının üzvü Roki Çavez, San Diyeqo Liman Administrasiyasının sədri Marşal Merrifild, digər şəhər rəsmiləri və siyasətçilər, diplomatlar, universitet professorları, mədəniyyət xadimləri, iş adamları və digərləri iştirak ediblər.

Azərbaycan və ABŞ-ın dövlət himnləri səsləndirilib. Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanın qədim dövlətçilik ənənələrindən danışaraq, müstəqilliyinin bərpasından sonra ölkəmizin ağır siyasi-iqtisadi durumla üzləşdiyini qeyd edib. Baş konsul bildirib ki, yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan bu böhrandan xilas ola bilib. Onun qısa vaxt ərzində ölkədə sabitliyin yaradılmasına nail olduğunu, bütün istiqamətlərdə yeni təşəbbüslərə start verərək, Azərbaycanın müasir inkişafının və tərəqqisinin təməlini qoyduğunu qeyd edən baş konsul prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycanın tolerantlığı ilə çoxlarına nümunə olan güclü bir dövlətə çevrildiyini bildirib. Azərbaycan-ABŞ münasibətlərindən danışan N. Ağayev Bakı və San Diyeqo şəhərləri arasında yaradılmış əlaqələrin Azərbaycan-ABŞ tərəfdaşlığına və iki xalqın yaxınlaşmasına xüsusi dinamika verdiyini qeyd edib.

2011-ci ildən San Diyeqo şəhərinin Svitzer Haylend rayonu ilə qardaşlaşmış Bakının Nəsimi rayonunun icra hakimiyyətinin başçısı Asif Əsgərov isə Bakı ilə San Diyeqo arasında 5 il öncə yaradılmış tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi və dərinləşdirilməsinin iki xalq arasındakı əlaqələrin gücləndirilməsi baxımından böyük önəm daşıdığını qeyd edib. Bu istiqamətdə qarşıdakı dövrdə konkret layihələr üzərində işlərin nəzərdə tutulduğunu vurğulayan A. Əsgərov San Diyeqodakı Azərbaycan dostlarını bu münasibətlərin inkişafında yaxından iştirak etməyə dəvət edib.

Kaliforniyada səfərdə olan Azərbaycan nümayəndə heyətinin digər üzvləri - Azərbaycan Milli Məclisinin üzvü Asim Mollazadə və Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev də çıxış ediblər. Onlar Azərbaycanın qədim dini tolerantlıq və multikulturalizm ənənələri barədə danışaraq, Azərbaycanın bu modelinin bir sıra ölkələr üçün gözəl bir nümunə olduğunu diqqətə çatdırıblar.

Kaliforniya Ştat Assambleyasının üzvü R. Çavez isə əldə etdiyi mütərəqqi nailiyyətlərlə Azərbaycanın son illərdə beynəlxalq aləmin diqqətini çəkdiyini, bu baxımdan San Diyeqo-Bakı əlaqələrinin inkişafında maraqlı olduqlarını bildirib. Çətin bir bölgədə yerləşən və strateji önəm daşıyan Azərbaycanın ABŞ-ın yaxın tərəfdaşı və dostu olduğunu qeyd edən millət vəkili bu dostluq münasibətlərini dəstəklədiyini və onların güclənməsini arzu etdiyini bildirib. Çıxışının sonunda Azərbaycanın müstəqillik günü ilə bağlı R. Çavez Kaliforniya Ştat Assambleyasının fərdi qətnaməsini təqdim edib.

San Dieqo Liman Administrasiyasının sədri Marşal Merrifild isə həmin gün Azərbaycan nümayəndə heyəti ilə keçirdiyi görüşündən məmnun olduğunu qeyd edərək, dostluq əlaqələrinin gücləndirilməsi məqsədilə yaxın aylarda San Diyeqo şəhərinin nümayəndə heyətinin Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.

Ziyafətdə baş konsul N. Ağayev San Diyeqo-Bakı Dostluq Cəmiyyətinin təsis olunduğunu bəyan edərək, sözü təşkilatın sədri Martin Kruminqə verib. M. Kruminq bu əlaqələrin yaradılmasının tarixi barədə məlumat verərək, San Diyeqo şəhərinin tanınmış ictimai xadimlərinin üzv yazıldıqları bu yeni təşkilat vasitəsilə iki şəhər arasında müxtəlif sahələrdə mübadilələrin artırılmasına çalışacaqlarını qeyd edib.

Tədbirdə ABŞ konqresmeni Süzan Deyvis, Kaliforniya Ştat senatoru Coel Anderson və San Diyeqo vilayəti adından bəyannamələr təqdim olunub. Bəyannamələrdə Azərbaycanın əldə etdiyi nailiyyətlər alqışlanır və ölkəmizin strateji önəmi qeyd olunur.

Qeyd edək ki, hazırda Kaliforniyada işgüzar səfərdə olan Azərbaycan nümayəndə heyəti San Diyeqo şəhərində bir sıra görüşlər keçirib. Nümayəndə heyətinin üzvləri San Diyeqo vilayətinin Nəzarətçilər Şurasının sədri Ron Roberts, San Diyeqo Liman Administrasiyasının İdarə Heyəti və San Diyeqo Yəhudi Federasiyasının rəhbərliyi ilə görüşüblər, yerli mətbuata müsahibələr veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR