Prezident: “Qarabağ məsələsi ilə bağlı beynəlxalq ictimai fikirdə dönüş yaranıb”

Prezident: “Qarabağ məsələsi ilə bağlı beynəlxalq ictimai fikirdə dönüş yaranıb”
# 20 iyul 2017 12:21 (UTC +04:00)

“Erməni lobbisinin ciddi cəhdlərinə baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqların beynəlxalq birliyə çatdırılması istiqamətində son illərdə əsaslı irəliləyişə nail olunub”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimindəki nitqində deyib.

Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə beynəlxalq səviyyədə ictimai fikirdə dönüşün yarandığını xüsusi vurğulayıb: “Biz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha da geniş şəkildə çatdırırıq və çatdırmalıyıq. Mən burada medianın rolunu yüksək qiymətləndirirəm, işlər davam etdirilməlidir. Əlbəttə, mən görürəm, bilirəm və buna sevinirəm ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi dönüş yarada bildik. Çünki əvvəlki dövrlərdə vəziyyət belə idi - hökumətlərarası, dövlətlərarası münasibətlərdən, mənim həmkarlarımla çoxsaylı görüşlərimdə hamı bilirdi, etiraf edirdi və xəritəyə baxanda hər şey bəlli idi ki, kim işğalçıdır, kim işğalın qurbanıdır. Ancaq bu məlumat demək olar ki, siyasi elitanın inhisarında qalırdı. Xarici ölkələrin media nümayəndələri ya bilməyərəkdən, ya da qəsdən ictimai fikrə bu münaqişə ilə bağlı yalan və təhrifedilmiş informasiyalar ötürürdülər. Burada əlbəttə ki, erməni lobbisinin də böyük rolu var. Çünki onlar hər gün bizim əleyhimizə işləyirlər, hər dəqiqə onlar üçün birinci hədəf Azərbaycandır. Çünki bilirlər ki, Azərbaycan güclənir, Azərbaycanın böyük imkanları var, Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq, öz ərazi bütövlüyünü bərpa edəcək. Ona görə erməni lobbisi və onlara yaxın olan siyasi xadimlər, xüsusilə erməni lobbisinin pulu ilə idarə olunan “siyasətçilər” ictimai fikrə Azərbaycanla və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yalan informasiyalar ötürürlər. Biz bu meyli sındıra bildik”.

Dövlət başçısı qeyd edib ki, bu gün həm dövlətlərarası münasibətlərdə, həm ictimai rəydə Azərbaycanın mövqeyi daha çox dəyər qazanır: “Təsadüfi deyil ki, mənim son səfərlərim çərçivəsində imzalanan sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi müddəa var və orada göstərilir ki, ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir. Bu, artıq o ölkələrin ictimai fikrində yaranmış dönüşün təzahürüdür. Əlbəttə ki, biz də, ilk növbədə, çalışırıq və çox israrla, təkidlə deyirik ki, sənədlərdə mütləq bu bənd olmalıdır. Yəni, ictimai fikirdə bu dönüş yaradıldı, münaqişə ilə bağlı Azərbaycanın haqq işi, haqlı mövqeyi daha da böyük üstünlük təşkil edir. Düşmən bundan çox narahatdır, demək olar ki, təşvişdədir, döyüş meydanında məğlubiyyətə uğrayıb, hüquqi müstəvidə bizim mövqeyimiz çox möhkəmdir. Tarixi ədalət də bizim tərəfimizdədir. Çünki Dağlıq Qarabağ və nəinki Dağlıq Qarabağ, indiki Ermənistanın ərazisi də bizim tarixi torpağımızdır. İqtisadi cəhətdən zəif, yoxsul, xarici ianələrlə güclə dolanan Ermənistan ilə bugünkü inkişaf edən güclü Azərbaycanı müqayisə etmək olmaz. Bizim yeganə zəif yerimiz media məkanı idi. Bu zəifliyin təbii səbəbləri var idi. Çünki erməni diasporu aparıcı ölkələrdə, xüsusilə münaqişə ilə bağlı ölkələrdə güclü imkanlara malikdir. Böyük biznes şəbəkələri var. Onlar bəzi siyasətçiləri ələ alıblar. Onlar dövlət qurumlarına soxulublar və bu imkanlardan istifadə edib münaqişə ilə bağlı öz mövqelərini işıqlandırırlar. Artıq bu istiqamətdə də dönüş yarandı. Biz gərək öz səylərimizi daha da gücləndirək. Həm dövlət qurumları, ictimai qurumlar, media qurumları bu məsələ ilə bağlı vahid siyasət çərçivəsində fəaliyyət göstərməlidirlər. Bu gün bu, belədir və mən çox istəyirəm ki, bu siyasət daha da gücləndirilsin”.

Prezident İlham Əliyev bildirib ki, jurnalistlər həqiqəti, obyektivliyi başlıca meyar götürməli, yüksək məsuliyyətli olmalı, xarici təsir altına düşməməlidirlər. Azərbaycanın dünyada nüfuzunun durmadan artdığını, multikulturalizmin mərkəzi sayıldığını deyən prezident İlham Əliyev bu sahədə də Azərbaycan mediasının töhfələrini xüsusi vurğulayıb: “Azərbaycan jurnalistikası daha da vətənpərvər olmalı, xaricdən ölkəmizə təsir cəhdlərinin qarşısının alınmasında fəal iş görməlidir. Milli maraqlar hər şeydən üstün tutulmalı, Azərbaycanın informasiya məkanı xarici təsir cəhdlərindən qorunmalıdır”.

Prezident İlham Əliyev son illərdə Azərbaycan jurnalistlərinin məsuliyyətinin yüksək səviyyəyə çatdığını qeyd edib.

Azərbaycan prezidenti medianın inkişafı üçün Azərbaycan dövlətinin səylərini əsirgəməyəcəyini, jurnalistlərin məişət problemlərinin daim diqqətdə saxlanılacağını da deyib: "Bir daha demək istəyirəm ki, Prezident kimi mən azad medianın inkişafı üçün bundan sonra da səylərimi əsirgəməyəcəyəm. Jurnalistlərin məişət problemlərinin həlli üçün də bundan sonra da biz öz addımlarımızı atacağıq. Çünki mən yaxşı başa düşürəm ki, jurnalist biznesmen, iş adamı deyil. Jurnalistika ilə məşğul olan insan üçün mənzil almaq o qədər də asan məsələ deyil və dövlət burada həmişə sizin yanınızdadır. Azərbaycan dövləti güclü dövlətdir, sosial dövlətdir. Siz bilirsiniz ki, biz sosial məsələlərin həlli üçün bütün lazımi tədbirləri görürük. Neftin qiymətinin qalxmasına, düşməsinə baxmayaraq, sosial proqramların icrasında heç bir geriləmə, yubanma yoxdur. İkinci binanın tikintisinə dörd il vaxt gedib. Bu üçüncü binanı da biz maksimum üç ilə tikməliyik. Qaldı maliyyə vəsaitinə, burada heç bir problem olmayacaq ki, biz sizinlə tezliklə üçüncü binanın açılışında görüşək".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR