XİN: Beynəlxalq münasibətlərdə və münaqişələrin həlli prosesində qanunun aliliyinin təmin olunması mütləqdir

XİN: Beynəlxalq münasibətlərdə və münaqişələrin həlli prosesində qanunun aliliyinin təmin olunması mütləqdir
# 23 iyul 2018 12:52 (UTC +04:00)

“Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva MDB dövlətləri daxili işlər nazirləri şurasının üzvlərini qəbul edərkən əhatəli və əsaslı şəkildə ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi əməlləri qeyd edib. Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər əməllər haqqında hesabat və “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy” kimi fundamental sənədlər hazırlanıb”.

APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətləri işğal olunmuş ərazilərdə məskunlaşmanın aparılması, Azərbaycanın təbii sərvətlərinin istismarı və ticarəti, iqtisadi və maliyyə fəaliyyətləri, infrastruktur dəyişikliklər və telekommunikasiya şəbəkəsinin istismarı, işğal edilmiş ərazilərin mədəni xarakteri və irsinin dəyişdirilməsi, işğal edilmiş ərazilərin turizm məkanı kimi təşviq edilməsi, qeyri-qanuni səfərlərin təşkili və digər fəaliyyətlər kimi istiqamətlər üzrə təsnif edilir.

H. Hacıyev vurğulayıb ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərin həyata keçirilməsinə məsuliyyət daşıyan tərəfdir. Onun sözlərinə görə, bu qeyri-qanuni əməllərin bir qismi beynəlxalq hüququn imperativ normalarından irəli gələn öhdəliklərin ciddi surətdə pozulmasıdır. Bu sıraya aşağıdakılar daxildir:

- BMT Nizamnaməsini pozaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər rayonlarının de-fakto ayrılmasını təmin etmək üçün gücdən istifadə;

- Bu xüsusda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulması;

- İşğal olunmuş ərazilərdə etnik təmizləmənin aparılması, məskunlaşma məntəqələrinin yaradılması və əhalinin köçürülməsinin təmin edilməsi bu ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi;

- Hərbi işğala dair hüququn, xüsusilə “Quruda müharibənin aparılması qanunları və adətləri” haqqında 1907-ci il Haaqa Konvensiyası ilə bağlı Qaydaların 43-cü bəndi, 1949-cu il “Müharibə zamanı mülki şəxslərin müdafiəsi”nə dair Cenevrə Konvensiyasının 49-cu maddəsinin kobud şəkildə pozulması;

- İşğaldan əvvəl həmin ərazidə yaşayan insanların maraqlarının aliliyini nəzərə almadan işğal olunmuş ərazilərin təbii resurslarının istismar edilməsi;

- Ərazinin mədəni irsinin dəyişdirilməsi.

H. Hacıyev əlavə edib ki, beynəlxalq hüququn imperativ normalarının sadalanan ciddi pozuntusu ağırlaşdırılmış məsuliyyətlə nəticələnən xüsusi halların tətbiq edilməsini nəzərdə tutur. Bu sıraya daxildir:

- Bu kimi pozuntular nəticəsində yaranmış vəziyyətin tanınmaması;

- Bu vəziyyətin saxlanması üçün hər hansı yardımın göstərilməsinin qadağan olunması;

- Bu kimi pozuntuları etmiş şəxslərin hər hansı immunitetdən məhrum edilməsi;

- Ağırlaşdırılmış məsuliyyət kimi bütün Dövlətlər tərəfindən Ermənistanı məsuliyyətə cəlb etmək və ona qarşı tədbirlərin görülməsi, o cümlədən sanksiyaların tətbiq edilməsi, cinayət və mülki işlərin açılması.

H. Hacıyev qeyd edib ki, beynəlxalq münasibətlərdə və münaqişələrin həlli prosesində qanunun aliliyinin təmin olunması mütləq xarakter daşıyır: “Bütün beynəlxalq ictimaiyyəti, müvafiq beynəlxalq təşkilatları, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini, əcnəbi hüquqi və fiziki şəxsləri “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy” və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri ilə bağlı Azərbaycanın təqdim etdiyi digər fundamental hüquqi hesabatları nəzərə almağa çağırırıq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR