“Azərbaycanın milli musiqi alətləri: keçmişimiz, bu günümüz” mövzusunda konfrans keçirilir

“Azərbaycanın milli musiqi alətləri: keçmişimiz, bu günümüz” mövzusunda konfrans keçirilir
# 04 aprel 2017 09:42 (UTC +04:00)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanın milli musiqi alətləri: keçmişimiz, bu günümüz” mövzusunda elmi-praktiki konfrans keçirilir.


APA-nın məlumatına görə, Dövlət Komitəsi sədrinin müavini Niyazi Rəhimov sənayenin effektivliyinin artırılması üçün yeni texnologiyaların, yeni yanaşmaların və ixtiraların tətbiqinin həlledici əhəmiyyətə malik olduğunu bildirib. Onun sözlərinə görə, əqli mülkiyyət hüquqlarının qorunması təkcə sənaye və ticarət kontekstində deyil, müasir dövrdə mədəniyyət sferasında da aktuallığını qoruyur.

Əqli mülkiyyət hüquqlarının qorunması və effektiv idarə olunması üçün Azərbaycanda müasir hüquqi-normativ bazanın yaradıldığını bildirən N.Rəhimov bu sahədə institutsional islahatların davam etdiyini diqqətə çatdırıb.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında Azərbaycanın zəngin musiqi sənətinin çoxəsrlik inkişaf tarixinə malik olduğunu, ölkəmizin musiqi diyarı kimi tanındığını, musiqi ənənələrin nəsildən-nəslə yaşadaraq böyük və zəngin bir irs yaradan xalq musiqi yaradıcılarının Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olduğunu bildirib. Milli musiqi alətlərinin inkişafının incəsənətin vacib amili kimi qiymətləndirən Ədalət Vəliyev bu sahədə yeniliklərin aşılanmasında konfransın əhəmiyyətini xüsusi qeyd edib.

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov xalq musiqisi xəzinəsinə daxil olan xalq mahnılarımızın, milli musiqi alətlərimizin, Azərbaycan mətbəxinə daxil olan xörək növlərinin və digər mədəniyyət nümunələrinin ermənilər tərəfindən mənimsənilərək özününküləşdirilməsinə dəfələrlə cəhd edildiyini, lakin bu cəhdlərin qarşısının alındığını və milli mənəvi dəyərlərimizin qorunduğunu deyib.

Konfransda Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı və digərləri çıxış ediblər.

Daha sonra plenar iclas başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR