Böyük Britaniya hökuməti Azərbaycanda biznes şərtləri ilə bağlı təlimatlarını yeniləyib

Böyük Britaniya hökuməti Azərbaycanda biznes şərtləri ilə bağlı təlimatlarını yeniləyib
# 10 avqust 2015 13:12 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Böyük Britaniya hökuməti Azərbaycanda biznes qurmaq istəyən vətəndaşları üçün təlimatlarını yeniləyib.

APA-nın verdiyi xəbərə görə, bu barədə Birləşmiş Krallıq hökumətinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Təlimatda qeyd olunur ki, Azərbaycan son illərdə neft-qaz ehtiyatları və ticarətin liberallaşdırılması nəticəsində dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olub.

Birləşmiş Krallığın Azərbaycanda ən iri investor olduğunu qeyd edən təlimatda göstərilir ki, hazırda Britaniyanın Azərbaycanda 450 şirkəti fəaliyyət göstərir: “Böyük Britaniya şirkətləri təkcə neft-qaz sahəsində deyil, həm də tikinti menecmenti və dizayn, satış və təhsil sahələrində uğurla fəaliyyət göstərir.”

Təlimatda 40 mlrd. dollarlıq Cənub Qaz Dəhlizinin Britaniya şirkətləri üçün geniş imkanlar açdığı diqqətə çatdırılıb. Sənəddə bildirilir ki, Şahdəniz yatağından hasil olunacaq qaz Gürcüstandan keçməklə TANAP boru xəttinə birləşdiriləcək və Yunanıstan, Albaniya və İtaliyaya çatdırılacaq.

Bununla yanaşı, təlimatda bank sektorunun zəif inkişaf etdiyi qeyd edilib. Bundan başqa, sənəddə vurğulanıb ki, informasiya-kommunikasiya sektoruna yatırılacaq 4 mlrd. dollarlıq investisiya 2020-ci ilə kimi bu sahənin inkişafına yönəldiləcək.

Təlimatda əsas problemlər sırasında şəffaflığın olmaması, lisenziya və sertifikatlaşdırma məsələlərində uyğunsuzluq, Ümumdünya Ticarət Təşkilatının üzvlüyün olmaması göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR