İranda keçmiş prezidentliyə namizəd məhkəmə hakimiyyətinin sədri təyin olunub

İranda keçmiş prezidentliyə namizəd məhkəmə hakimiyyətinin sədri təyin olunub
# 07 mart 2019 21:49 (UTC +04:00)

İranın ali dini lideri Seyid Əli Xamenei höccətül-islam Seyid İbrahim Rəisinin məhkəmə hakimiyyətinin sədri vəzifəsinə təyin olunması barədə fərman imzalayıb.

ONA-nın Tehran bürosunun məlumatına görə, fərmanda Ayətullah Xamenei cənab Rəisiyə məhkəmə sistemində dəyişikliyin zərurətini və yeni dövrdə daha güclü çalışmağı tapşırıb.

Ayətullah Xamenei İ.Rəisinin məhkəmə sistemində öncədən çalışdığını, bu sistemlə müxtəlif aspektlərdən tanış olduğunu və ona görə də bu vəzifəyə təyin olduğunu qeyd edib.

Məhkəmə hakimiyyətində dürüst insanların iş başına gətirilməsi, korrupsiya ilə mübarizənin zəruriliyi, ədalətin bərpası, inqilabçı və dürüst gənclərin iş başına gətirilməsi, məhkəmə hakimlərinin ehtiramının qorunub saxlanılması və digər qurumlarla sıx əməkdaşlıq kimi məsələlər Xameneinin Rəisiyə tövsiyə etdiyi məsələlərdir.

Qeyd edək ki, Seyid İbrahim Rəisi 1960-cı ildə İranın Məşhəd şəhərində ruhani ailəsində doğulub. 5 yaşında ikən atasını itirib. İbtidai və orta təhsildən sonra atasının yolunu tutaraq, dini mədrəsədə təhsilə başlayıb. 1975-ci ildə Qum şəhərinə gedərək, Ayətullah Bürucerdinin mədrəsəsində təhsilini davam etdirib. 1978-ci ildə inqilabi mübarizə tarixinin mühüm 19 dey hadisələrində iştirak edib. Sonradan Tehranda inqilabi hərəkatın fəallarından olub. 1980-ci ildə baş prokuror Ayətullah Quddisinin əmri ilə Kərəcə prokuror təyin edilib. 1988-ci ildə inqilabın lideri Ayətullah Xomeyninin diqqətini cəlb edib və xüsusi nümayəndə statusunda müxtəlif regionlarda məhkəmə sistemindəki problemlərin aradan qaldırılması ilə məşğul olub. Ayətullah Xameneinin rəhbərliyi dövründə Tehranın baş prokuroru təyin edilib. Müxtəlif vəzifələrdə, o cümlədən İranın baş prokuroru vəzifəsində çalışıb. İmam Rza ziyarətgahının məsulu Ayətullah Təbəsinin vəfatından sonra Ayətullah Xameneinin göstərişi ilə bu vəzifəyə təyin edilib. Bir neçə il öncə prezidentliyə namizəd olub.

Süleyman Fərzəliyev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR