ADU-da "Karyera günü və iş yarmarkası" keçirilir

ADU-da "Karyera günü və iş yarmarkası" keçirilir
# 03 dekabr 2016 09:02 (UTC +04:00)

Bu gün Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində / Amerika Mərkəzində "Karyera günü və iş yarmarkası" keçirilir. APA-nın xəbərinə görə, tədbir Amerika Mərkəzi, ABŞ Təhsilli Azərbaycanlı Məzunlar İctimai Birliyi və ABŞ səfirliyinin dəstəyi ilə təşkil olunub.


Mərkəzinin direktoru Şəhla Xudiyeva bildirib ki, tədbirin əsas məqsədi biznes və dövlət strukturları üçün yeni, təcrübəli və iş axtarışında olan kadrlar arasında bir platforma- vasitəçi rolunu oynamaqdır. Tədbirdə 20-dək şirkətin qatıldığını deyən direktorun sözlərinə görə, yarmarkada ABŞ universitetlərinin məzunları, özəl sektorda, dövlət qurumlarında və biznes sahəsində çalışan təcrübəli mütəxəssislər iştirak edir.

ABŞ-ın Azərbaycandakı səfirinin müavini Vilyam Gil bildirib ki, yarmarkada iştirak edən gənclər həm iş tapmaq imkanı, həm də yerli təşkilatların nümayəndələri ilə üzbəüz görüşərək təcrübə toplamaq imkanları əldə edəcəklər.

Azərbaycanda 5000-dən çox ABŞ mübadilə proqramlarının məzunun olduğunu deyən səfirin müavini əlavə edib ki, onlar ABŞ-da aldıqları təhsil sayəsində seçdikləri ixtisas üzrə dövlət və özəl qurumlarında aparıcı mütəxəssis kimi çalışaraq Azərbaycanın inkişafında böyük rol oynayırlar: "Mən inanıram ki, ABŞ təhsili məzunların dünya görüşünə təsir edib və onların irəliləməsinə kömək edib. Ümid edirəm ki, ABŞ-da təhsil almış qabaqcıl məzunlarımız bu gün iştirakçılara uğur əldə etməyə kömək edən məsləhətlər verəcəklər".

Qeyd edək ki, sərgi bu gün saat 17:00-dək Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində / Amerika Mərkəzində davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR