Kərəm Həsənov vətəndaşları qəbul edib

Kərəm Həsənov vətəndaşları qəbul edib
# 28 noyabr 2016 06:47 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Ağdaşda vətəndaşları qəbul edib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, qəbul zamanı Ağdaş, Yevlax rayonları və Mingəçevir şəhərindən olan vətəndaşların müraciətlərinə baxılıb.

İştirak edən vətəndaşların müraciətləri həm özəlləşdirmə, həm də daşınmaz əmlakın sənədləşdirilməsi barədə olub. Belə ki, bir sıra vətəndaş dövlət əmlakının özəlləşdirilməsi prosedurları, dövlət mülkiyyətində olan əmlakların icarəsi barədə müraciət edib. Hərraclarda iştirak, icarədə və ya istifadədə olan kiçik dövlət obyektlərinin özəlləşdirilməsi məsələləri barədə müraciətlər çatdırılıb. Komitə sədri bildirib ki, respublikanın müxtəlif şəhər və rayonlarında yerləşən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hər həftə açıq hərraclar keçirilir. Belə hərraclarda iştirak prosedurları tamamilə sadə və rahatdır, istənilən vətəndaş iştirak edərək əmlak sahibi ola bilir.

Qeyd olunub ki, geniş ictimaiyyətin, yerli və xarici investorların hərraclara cəlb edilməsi məqsədilə özəlləşdirmə portalı da istifadəyə verilib. Bildirilib ki, 352 yeni dövlət müəssisə və obyekti özəlləşdirilməyə açıq elan olunub, özəlləşməyə çıxarılan müəssisələr və kiçik dövlət obyektləri sahibkarlıq fəaliyyəti üçün və ya digər formada gəlir mənbəyinə çevrilməsi baxımından çox əhəmiyyətlidir.

Qəbulda vətəndaşların onlara məxsus mülkiyyətin sənədləşdirilməsi ilə bağlı müraciətlərinə də baxılıb. Vətəndaşlar fərdi həyət evi, həyətyanı torpaq sahələri, pay torpaqları, mənzillərin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətlərini səsləndiriblər. Müraciətlər sırasında torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi, vaxtilə yol verilmiş faktiki və sənəd uyğunsuzluqları ilə bağlı müraciətlər də olub. Komitə sədri qanunvericiliyə edilən son dəyişikliyə əsasən təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsindəki fərdi evlərin qeydiyyatının sadələşdirildiyini bildirib. Qeyd olunub ki, belə evlərin dövlət reyestrində qeydiyyatı üçün yalnız torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin təqdim olunması kifayətdir.

Bir neçə vətəndaş torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi məsələləri barədə müraciət edib. Komitə sədri torpaqların təyinatı ilə bağlı tələblərə riayət olunmasının vacibliyi, əks halda qanunvericiliklə müvafiq cəzaların və cərimələrin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bildirilib ki, qanunsuz istifadə hallarının aşkar olunması və qarşısının alınması məqsədilə komitənin dövlət müfəttişləri tərəfindən belə torpaqlarda monitorinqlər həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR