Almaniyada yaşayan bir qrup gənc Azərbaycanda səfərdədir

 Almaniyada yaşayan bir qrup gənc Azərbaycanda səfərdədir
# 26 mart 2018 13:56 (UTC +04:00)

Almaniyada yaşayan bir qrup azərbaycanlı gənc bu gün Fəxri xiyabanda Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət edib.

APA-nın xəbərinə görə, Almaniya vətəndaşı olan 25 nəfərdən ibarət qrup Diasporla İş üzrə Dövlət Komitəsi və Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Bakıya bir həftəlik səfərə gəlib. Səfər hər iki təşkilatın birgə təşəbbüsü olan “Vətənim Azərbaycandır” layihəsi çərçivəsində gerçəkləşib. Layihənin əsas məqsədi Almaniyada böyümüş, orada ali təhsil almış və karyerasını qurmuş gənclərimizi öz Vətəni ilə, Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, tarixi və təbiəti ilə daha yaxından tanış etməkdir. Layihənin məqsədlərindən biri də Avropadakı gənc soydaşlarımızı – həkim, mühəndis, memar, dizayner, müəllim və digər ixtisaslara yiyələnərək Almaniyanın ictimai həyatında öz yerini tutmuş gənclərimizi Azərbaycan cəmiyyətinə tanıtmaqdır.

Azərbaycanla bağlı ilk təəssüratlarını jurnalistlərlə bölüşən gənc soydaşlarımız ölkəmizin sürətli inkişafını yüksək qiymətləndiriblər. Bildiriblər ki, xüsusilə paytaxt Bakının müasir siması, möhtəşəmliyi ilə seçilən yeni tikililəri, mədəni inkişafı, insanların həyat səviyyəsi, sabitlik onlarda xoş təəssürat yaradıb.

Qeyd edək ki, Almaniyada yaşayan azərbaycanlı gənclərin səfəri martın 31-dək davam edəcək. Bu müddət ərzində onlar Qobustanda, Atəşgahda, müxtəlif muzeylərdə olacaq, Bakının görməli yerlərini gəzəcək və yeni maraqlı tikililəri ilə tanış olacaq, bir neçə ali təhsil müəssisəsində görüşlər keçirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR