“Ruhum Qarabağlıdır” filminin təqdimatı keçirilib

“Ruhum Qarabağlıdır” filminin təqdimatı keçirilib
# 05 may 2012 16:22 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Şuşadan bəhs edən “Ruhum Qarabağlıdır” filminin təqdimatı keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan Respublikası “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində keçirilən mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatlarının iştirak edib.

Mərasimdə bildirilib ki, Milli Məclisin deputatı Qənirə Paşayevanın şeirləri silsiləsi əsasında hazırlan filmin ssenari müəllifi Bəxtiyar Qaracadır.

Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxışında deyib ki, bu cür tədbirlər şuşalılarda öz torpaqlarına qayıtmaq əminliyi yaradır. Onun sözlərinə görə, Azərbaycan sona qədər sülhü gözləməyəcək və Ali Baş Komandanın əmri ilə işğal olunan ərazilərimizi azad edəcək. O, beynəlxalq təşkilatların münaqişənin ədalətli həllindəki fəaliyyətini də tənqid edib.

Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov isə problemin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulamaqla yanaşı, Azərbaycanın öz torpaqlarını hər an işğaldan azad etməyə hazır olduğunu da qeyd edib.

Sonra Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən Şuşa şəhərinin işğaldan əvvəlki və işğaldan sonrakı vəziyyətini özündə əks etdirən “Ruhum Qarabağlıdır” adlı musiqili ədəbi-bədii kompozisiyadan ibarət filmə baxış keçirilib.

Filmin süjet xətti xocavəndli məcburi köçkün, şəhid atası Ağamirzə Həsənovun düşüncələri əsasında qurulub və proses inkişaf etdikcə qəhrəmanın düşüncələri də zamana və vaxta eyni zamanda reallığa uyğun olaraq dəyişir. Filmin bütün çəkilişləri Dağlıq Qarabağda - Xocavənd rayonunun “Nərgiztəpə” ərazisində və Beyləqan rayonu ərazisində salınan Xocavənd qəsəbəsində aparılıb. Filmdə rayon sakinlərinin istedad və bacarıqlarından istifadə olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR