Bakı-APA. Türkiyənin Diyarbəkr vilayətində İŞİD terrorçularının məhv edilməsi istiqamətində keçirilən əməliyyat nəticəsində 7 terrorçu öldürülüb.
APA-nın yerli mətbuata istinadən xəbərinə görə, əməliyyat zamanı 3 terrorçu da sağ ələ keçirilib. Polis terrorçuların gizləndiyi evə hücum edib, ərazidə atışma baş verib. Yaxınlıqdakı məktəblər boşaldılıb, mağazalar və digər obyektlər açılmayıb.
Məlum olub ki, polisə həmin evdə terrorçu-kamikadzenin olduğu barədə məlumat daxil olub. Məlumatda terrorçuların məscidi partladacaqları da qeyd olunub. Bundan sonra polis əməliyyata başlayıb.
*** *** ***
11.00
Bakı-APA. Türkiyənin Diyarbəkr vilayətində İŞİD terrorçularının hücumu nəticəsində iki polis əməkdaşı şəhid olub.
APA-nın yerli KİV-ə istinadən xəbərinə görə, bu gecə bir evdən açılan atəşlə iki polis ölüb, 4 polis isə ağır xəsarət alıb. Terrorçuların zərərsizləşdirilməsi istiqamətində başlayan əməliyyatlar hələ də davam edir. Atəşin vilayət mərkəzində İŞİD terrorçularının istifadə etdiyi gizli mənzildən açıldığı müəyyənləşib. Onların zərərsizləşdirilməsi üçün keçirilən əməliyyatla 4 terrorçu məhv edilib. Hazırda ərazidən silah səsləri gəlir.