Azərbaycanda regional ali təhsil müəssisələrinə qəbul olanların sayı azalıb

Azərbaycanda regional ali təhsil müəssisələrinə qəbul olanların sayı azalıb
# 04 fevral 2013 15:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Son 20 il ərzində Azərbaycanda tələbə qəbulu sisteminə qoşulan müsabiqə iştirakçılarının sayında böyük dəyişikliklər baş verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, bu dəyişikliklər bir tərəfdən məktəb məzunlarının sayı və onların qəbul imtahanlarında nümayiş etdirdikləri bilik səviyyəsi ilə bağlıdırsa, digər tərəfdən ayrı-ayrı illərdə komissiya tərəfindən müsabiqə şərtlərində aparılan təkmilləşdirmələrlə əlaqədardır. Qeyd olunub ki, test üsulu ilə qəbul aparılan ilk illərdə dəyişikliklər daha çox olub. Ən kəskin dəyişiklik 2002-ci və 2010-cu illərə təsadüf edib ki, bu da 2002-ci ildə respublikada məktəb məzunlarının sayının kəskin azalması, 2010-cu ildə isə ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin tətbiq edilməsi ilə əlaqəli olub.

Məlumatda bildirilib ki, bu il ali təhsil müəssisələri üzrə bütövlükdə dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən ixtisaslara qəbul olanların 91.39 faizi (9252 nəfər) Bakı şəhərində, 8.61 faizi (872 nəfər) isə respublikanın regionlarında yerləşən ali təhsil müəssisələrini seçiblər. Bakı şəhərində və regionlarda yerləşən ali təhsil müəssisələrinə son dörd ildə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən yerlərə qəbul olanların nisbi çəkisinin müqayisəli təhlili göstərir ki, bu illər ərzində Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinə qəbul olanların faizi 79.73-dən 91.39-ə qədər artıb, regionlarda yerləşən ali təhsil müəssisələrinə qəbul olanların faizi isə 20.27-dən 8.61-ə qədər azalıb. Beləliklə, aydın olur ki, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən yerlərə müsabiqənin bütün ali təhsil müəssisələri üzrə mərkəzləşdirilmiş şəkildə aparılması ötən illərlə müqayisədə hazırda zəif müsabiqə şəraiti mövcud olan regional ali təhsil müəssisələrinə qəbul olanların faizinin azalmasına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR