BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Ekspertlər Komitəsinin üçüncü sessiyası başlayıb

BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Ekspertlər Komitəsinin üçüncü sessiyası başlayıb
# 27 iyul 2013 10:09 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Ekspertlər Komitəsinin üçüncü sessiyası öz işinə başlayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sessiyada Azərbaycanı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Böyük Britaniyanın Kembric şəhərində keçirilən sessiyada Q. Məmmədov çıxışında müzakirə olunan məsələlər barədə Azərbaycan hökumətinin mövqeyini çatdırıb. Çıxışında ölkəmizin müstəqillik illərində əldə etdiyi nailiyyətlər, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən torpaq islahatı, xarici və daxili sahibkarlar üçün yaradılan əlverişli investisiya mühiti barədə tədbir iştirakçılarını məlumatlandıran Q. Məmmədov Azərbaycan prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas hədəflərini diqqətə çatdırıb. O, qarsıya qoyulan məqsədlərə nail olmaq üçün mühüm alətlərdən biri kimi geoməkan məlumatlarının idarəolunmasını xüsusi vurğulayıb və bu istiqamətdə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində aparılan işlər barədə müfəssəl məlumat verib.

Tədbir çərçivəsində bir çox ölkələrin müvafiq sahələrə məsul dövlət qurumlarının rəhbərləri ilə aparılan fikir mübadiləsində ölkəmizdə bütün sahələr üzrə, o cümlədən coğrafi informasiyaların idarə olunması sahəsində görülmüş işlər məmnunluqla qarşılanıb, Azərbaycanın bu sahədə bir sıra beynəlxalq təşkilatlarda çox ciddi mövqeyə malik olduğu qeyd olunub.

Sessiya bu gün öz işini yekunlaşdıracaq.

Qeyd edək ki, Qərib Məmmədov Asiya və Sakit Okean üçün Geoməkan İnformasiyasının İdarəolunması üzrə BMT-nin Regional Komitəsinin İcraçı Şurasının 11 üzvündən biri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR