Hüquq müdafiəçisi: “Azərbaycanda saxlanılan İran vətəndaşına işgəncə verilməsi barədə məlumatlar əsassızdır”

Hüquq müdafiəçisi: “Azərbaycanda saxlanılan İran vətəndaşına işgəncə verilməsi barədə məlumatlar əsassızdır”
# 20 noyabr 2013 11:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Azərbaycanda həbsdə olan İran vətəndaşı Həsən Fərəciyə işgəncə verilməsi barədə mətbuatda yayılan məlumatlar əsassızdır”.

Bunu APA-ya açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyib. E. Behbudov Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin tabeliyində olan İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinin rəhbərliyi ilə əlaqə saxlayaraq H. Fərəcinin vəziyyəti ilə maraqlandığını deyib: “Mənə bildirdilər ki, Həsən Fərəci oktyabrın 30-da Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Yasamal Rayon Məhkəməsinin hökmü ilə 30 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib. Polisə müqavimət göstərməkdə təqsirləndirilir. Məlumata görə, İsrailin Azərbaycandakı səfirliyinin inzibati binası qarşısında özünü yaxşı aparmayıb. Oraya polis əməkdaşları gəliblər. Lakin o, polisə tabe olmaq istəməyib. Məntəqədən bildilər ki, ona işgəncə verilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Dedilər ki, Həsən Fərəci çox alicənab adamdır. Onun özü də bu xəbərləri təəccüblə qarşılayır”.

E. Behbudov yaxın günlərdə H. Fərəci ilə görüşəcəyini də deyib: “Yaxın günlərdə özüm də gedib onunla görüşəcəyəm”.

Qeyd edək ki, KİV-də Həsən Fərəciyə işgəncə verilməsi barədə məlumatlar yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR