Tomaş Ayan: “Azərbaycanda dünya çempionatı keçirmək fikrimiz də var”

Tomaş Ayan: “Azərbaycanda dünya çempionatı keçirmək fikrimiz də var”
# 06 dekabr 2013 17:01 (UTC +04:00)

Bakı – APA. Bu gün Bakıda Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) prezidenti Tomaş Ayan mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, tədbirdə Avropa Ağır Atletika Federasiyasının prezidenti Antonio Urso və Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da iştirak edib.


Ayan öncə Bakıda IWF Qran-Prisini təşkil etdiyi üçün Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti Cahangir Əsgərova, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılova təşəkkür edib. O bildirib ki, bu, ikinci Qran-Pridir və sonuncu olmadığına ümidvardır: “Mən xüsusi olaraq, AAAF prezidenti Cahangir Əsgərova, gənclər və idman nazirinə, Milli Olimpiya Komitəsinə minnətdarlıq edirəm. Bu, son 10 il ərzində ən yaxşı təşkil olunmuş ağırlıqqaldırma yarışıdır. Təşkilatçılıq işində AAAF-ın icraçı-direktoru İsgəndər Əsgərovun əməyini xüsusi qeyd edərdim. Belə gözəl kompleks sırf ağır atletika qurğusudur. Mən bir müddət öncə AAAF-la anlaşma memorandumu imzalamışam ki, burada ağır atletika kompleksi tikilsin. Bu, təkcə yunan amfiteatrına bənzəyən yer yox, yarışlar üçün də əlverişlidir. Burada idmançılar üçün sauna, cakkuzi, kiçik hovuz, mehmanxana və restoran da var. Bununla bağlı hakimlər və həkimlər üçün vaxtaşırı ezam edirik ki, kurslar keçsinlər”.

Ayanın sözlərinə görə, artıq dünən AAAF-la birgə antidopinq simpoziumu təşkil edilib. Orada Azərbaycan nümayəndələri də iştirak edib və sinxron tərcümə də olub: “Son illər Azərbaycanda ağırlıqqaldırmanın yüksək səviyyədə inkişaf etməsi sirr deyil. Gələcəkdə daha nüfuzlu yarışlar da təşkil edəcəyik”.

O, 2015-ci ildə Bakıda təşkil olunacaq I Avropa Oyunlarının proqramına ağırlıqqaldırma idman növünün salınması məsələsinə də toxunub. Ayanın sözlərinə görə, hazırda bu məsələyə dair Avropa Olimpiya Komitəsi (AOK) ilə danışıqlar davam edir: “AOK Avropa Oyunlarını azərbaycanlı həmkarları ilə birgə keçirəcək. Bununla bağlı AOK-un prezidenti Patrik Hikki ilə, o cümlədən təşkilatın digər rəsmiləri ilə olduqca ciddi danışıqlar aparmışam. Yarışların proqramına 16 olimpiya, 3 qeyri-olimpiya növü salınıb. Bu, AOK-la Təşkilat Komitəsi arasında əldə olunmuş razılıqdır və maksimum proqramdır. Lakin bu, sirr deyil ki, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsi ilə danışıqlar aparırıq. Şanslar 50-50-yədir. Düşünürəm ki, dekabrın sonlarınadək yekun qərar veriləcək”.

IWF prezidenti bu idman növündə tez-tez təsadüf olunan dopinq qalmaqallarına da aydınlıq gətirib. Ayanın sözlərinə görə, kimsə bu məsələni qaldırmasaydı, təəccüblənərdi: “Açıq danışaq. Hazırda dünyada 107 idman təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlar arasında eləsini tapmazsınız ki, orada dopinq qalmaqalları olmasın. Dopinq məsələsinə həmin idman növləri daha həssasdır. Mən istisna etmirəm ki, bizdə bu cür hallar baş verir. Bəlkə də bu mənim, federasiyamızın günahıdır. Kimsə nəsə axtarmaq istəyirsə, onu tapacaq. 2013-cü ilin yanvarından 2000 dopinq-test aparmışıq ki, bu cür halları aşkarlanaq. Bu məsələyə çoxlu vəsait xərclənməli və təşkilatımızın resursları cəlb olunmalıdır”.

Ayan Bakıda İWF-nin yüksək səviyyəli yarışlarını keçirmək fikrində olduqlarını da bildirib. Onun sözlərinə görə, tezliklə Bakıda Dünya Kuboku təşkil oluna bilər: “Bu məsələ ilə bağlı Gənclər və İdman Nazirliyi, eləcə də AAAF-la danışıqlar aparılır. Gələcəkdə Bakıda dünya çempionatı keçirmək fikrimiz də var”


Ümumdünya Antidopinq Agentliyinin üzvü də olan qurum rəhbəri bildirib ki, bu və ya digər növ üzrə təşkilat belə halların qarşısını alacaqlarını deyirsə və yekunda cəmi 200 test keçirirsə, buna yalnız gülür: “Lakin biz 2000-dən artıq nəzarət testi keçirmişik. Antonio Urso ilə sıx əməkdaşlıq edirik ki, bu cür halları azaldaq. Biz yeniyetmələrin sağlamlığını düşünməli və belə hallardan uzaq olmalarına çalışmalıyıq. Yay Olimpiya Oyunlarında bu və ya digər növünün reytinqini müəyyənləşdirmək üçün 39 göstərici var. Əsas sayılan və sayılmayan göstəricilər üzrə. Bizim antidopinq proqramı o göstəricilərdən yalnız biridir. O ki qaldı 38 suala onlar müxtəlif məsələləri əhatə edir. Yekun olaraq demək istəyirik ki, antidopinq mübarizəsini güclü aparırıq və gələcəkdə hər hansı üzrxahlıq qəbul edilməyəcək. Gələcəkdə hansısa idmançıdan dopinq-test müsbət çıxarsa, həmin ölkəni federasiyamızdan kənarlaşdıracağıq. Çalışacağıq ki, gələcəkdə ağırlıqqaldırma təmiz idman növü kimi qalsın”.

IWF prezidenti Azərbaycanda ağırlıqqaldırmanın inkişafına göstərdikləri köməkdən də danışıb. O qeyd edib ki, hazırkı Qran-Pridə bütün texnoloji avadanlıqları rəhbərlik etdiyi qurum təqdim edib. Ayan əldə etdikləri gəlir baxımından FİFA ilə müqayisə olunmalarını mümkünsüz sayıb: “Gəlin, bizim marketinq komitəsinə qoşulun və onda bilin ki, bizim qazancımız nə qədərdir, FİFA-da nə qədər. İl ərzində 2 milyon dolları sərf edirik ki, 108 ölkədə ağırlıqqaldırma inkişaf etdirilsin. Son 4 ildə teleyayımdan gəlirlərimizin 50 faizini milli federasiyalara yardım etmişik. FİFA yayımdan 2,2 milyard dollar qazanmışdı. Amma onlar gəlirin 50 faizini sərf etməyiblər”.

Öz növbəsində İsmayılov bildirb ki, Ayan AAAF-a çox böyük dəstək verib: “Bu qurum ölkəmizi ştanqlar, digər avadanlıqlarla təmin edib. Bu yarışın da Bakıda keçirilməsi məhz onun xidmətidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR