Beynəlxalq Prokurorlar Assosiasiyasının baş müşaviri Azərbaycanda səfərdə olub

 Beynəlxalq Prokurorlar Assosiasiyasının baş müşaviri Azərbaycanda səfərdə olub
# 27 yanvar 2014 09:30 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Böyük Britaniya Krallığının böyük prokuroru, Beynəlxalq Prokurorlar Assosiasiyasının baş müşaviri Elizabet Hou Azərbaycanda səfərdə olub.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Elizabet Hou Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.

Elizabet Hou daha sonra Azərbaycan Respublikasının Baş Prokurorluğuna gələrək baş prokuror Zakir Qaralovla görüşüb.

Görüşdə ölkədə uğurla həyata keçirilən islahatlar, qanunverici və praktiki tədbirlər, əldə olunan nailiyyətlər, həmçinin Azərbaycanın “Transparency International” təşkilatının illik hesabatına əsasən əhəmiyyətli irəliləməsi, habelə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) qəbul etdiyi hesabata əsasən 3-cü raund dəyərləndirilməsindən müvəffəqiyyətlə keçən ilk dövlət olması barədə ətraflı məlumat verilib.
Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycan Respublikası arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən xanım Elizabet Hou təmsil etdiyi qurumun fəaliyyətinə ölkəmizin verdiyi mühüm töhfələri və görülən digər səmərəli tədbirləri yüksək qiymətləndirib.

Korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanda görülən işlərin əhəmiyyəti nəzərə alınaraq quruma üzv dövlətlərin ədliyyə, prokurorluq və digər hüquq mühafizə orqanlarının rəhbərləri ilə işgüzar görüşlərin, habelə Assosiasiya ilə birgə regional tədbirlərin keçirilməsinin vacibliyi xüsusi qeyd edilib.

Səfər zamanı xanım Elizabet Hou, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü olan Kamran Əliyev, habelə Beynəlxalq Prokurorlar Assosiasiyasının gənc üzvləri, Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin fəxri üzvü, qurumun senatoru, Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovla görüşüb.

Məhkəmə infrastrukturunun müasirləşdirilməsi istiqamətində aparılan işlərlə tanışlıq çərçivəsində Elizabet Hou Bakı şəhərinin Yasamal və Oğuz rayon məhkəmələrinin yeni inzibati binaları, Şəki Penitensiar Kompleksi, Şəki Regional Ədliyyə Şöbəsi, habelə Şəki şəhərində inşa edilən və özündə dörd məhkəməni birləşdirəcək Şəki Məhkəmə Kompleksi ilə tanış olmuş, həmçinin Qəbələ Rayon Məhkəməsinin təməlqoyma mərasimində iştirak edib.

Elizabet Hou Ali Məhkəmənin sədri Ramiz Rzayevlə də görüşüb.

Səfərin sonunda qonaq 3 saylı Bakı “ASAN xidmət” mərkəzinə gedərək mərkəzin fəaliyyəti və vətəndaşlara göstərilən xidmət növləri ilə ətraflı tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR