“Qarabağ dünən, bu gün və sabah” mövzusunda elmi-praktiki konfrans keçirilib

“Qarabağ dünən, bu gün və sabah” mövzusunda elmi-praktiki konfrans keçirilib
# 23 may 2013 12:54 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) təşkilatçılığı ilə ənənəvi, 12-ci “Qarabağ dünən, bu gün və sabah” mövzusunda elmi-praktiki konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransda iştirak edən tarixçi və politoloqlar Dağlıq Qarabağ münaqişəsi, onun həll yolları barədə müzakirələr aparıblar. Konfransda həmçinin “Qarabağ dünən, bu gün və sabah” adlı kitabın təqdimatı keçirilib.

Tədbirdə çıxış edən QAT sədri Akif Nağı konfransı digərlərindən fərqləndirən müsbət xüsusiyyətlərin olduğunu qeyd edib. QAT sədri bildirib ki, bu ildən etibarən konfransın daimi tərkibinin formalaşmasına nail olunub: “Eyni zamanda müxtəlif ölkələrdən olan müəlliflərin konfransın işində iştirakına çalışmışıq. Bu istiqamətdə almaniyalı müəllifin Qarabağla bağlı məqaləsini kitaba daxil etmişik. Türkiyəli müəlliflərin bu işə cəlb olunması prosesi gedir”.

A.Nağı qeyd edib ki, Dağlıq Qarabağ yalnız müharibə yolu ilə azad oluna bilər: “Çünki hazırda Azərbaycanın kifayət qədər gücü, müttəfiqi var və buna görə də müharibə başlanmalıdır”.

Siyasi elmlər doktoru, politoloq Elman Nəsirli Qarabağ münaqişəsi həlli yolları barədə danışıb. Onun sözlərinə görə, danışıqlar prosesi mürəkkəb bir mərhələyə daxil olub: “Son vaxtlar bu istiqamətdə dövlət rəsmiləri səviyyəsində görüşlər azalıb. Ermənistan tərəfi münaqişənin həllinə dair 6 prinsip irəli sürüb. Hesab edirəm ki, prinsiplər münaqişənin həllini dayandırmağa yönəlib. Məsələn, ilk prinsip ondan ibarətdir ki, Dağlıq Qarabağın taleyi ilə bağlı qondarma “Dağlıq Qarabağ Respublikası”nda referendum keçirilsin. Bu da təbii ki, qondarma respublikanı tanımaq deməkdir. Hazırda Ermənistan rəhbərliyinin müharibənin həlli ilə bağlı potensial bazası yoxdur. Həmsədrlər regionda müharibə təhlükəsini görərək, münaqişəni həll etməyə çalışır. Lakin həmsədrlərin də bu məsələdə siyasi iradəsi yoxdur. Çünki münaqişədə Rusiya faktoru var”.

Politoloq Mübariz Əhmədoğlu hazırda beynəlxalq ictimaiyyətin Ermənistanı yenilənmiş Madrid prinsiplərini imzalanmağa məcbur etdiyini qeyd edib: “Bu prinsiplərdə Azərbaycan üçün təhlükəli məsələ yoxdur. Beynəlxalq güclər hazırda Ermənistana təzyiq göstərirlər. Fransa və ABŞ-ın münaqişə ilə bağlı bəyanat verməsi buna sübutdur. Fikrimcə, münaqişənin müharibə yolu ilə həlli regionda sülhün, sabitliyin hökm sürməsinə töhfə verəcək. Çünki Ermənistanı yerində oturtmaq lazımdır. İndiki dövrdə həm QHT-lər, həm də cəmiyyət tərəfindən münaqişə ilə bağlı kifayət qədər aktivlik nümayiş olunmalıdır”.

Konfrans münaqişənin həlli yolları barədə müzakirələrlə davam etdirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR