İranda prezidentliyinə namizədlər arasında keçirilən canlı teledebatda gərginlik yaşanıb

İranda prezidentliyinə namizədlər arasında keçirilən canlı teledebatda gərginlik yaşanıb
# 01 iyun 2013 14:34 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Mayın 31-də İran prezidentliyinə 8 namizəd arasında ilk canlı televiziya debatı keçirilib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən yaydığı məlumata görə, namizədlər ölkənin sosial-iqtisadi problemlərini - inflyasiyanın səviyyəsinin aşağı salınması, idarəetmə forması, dövlət iqamətgahları, iqtisadi ədalətin təmin edilməsi, sanksiyalar nəticəsində azalan neft gəliri, milli istehsal, investisiya və işçi qüvvəsinin dəstəklənilməsi və subsidiyaların bölüşdürülməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Prezidentliyə namizəd Məhəmmədrza Arif keçirdikləri sorğunun ölkədə 1 milyon iş yerinə ehtiyac duyulduğunu göstərdiyini və hazırladıqları ən mühüm layihələrdən birinin turizm sektoruna sərmayə qoyaraq 200 min iş yeri açmaq olduğunu vurğulayıb. O, ölkədəki mövcud iqtisadi problemlərin təməlində rəhbərliyi təkbaşına öz əlində cəmləşdirmiş mühafizəkarların digər cərəyanların nümayəndələrini hər sahədə kənarlaşdırmasının dayandığını və bu mövzuda bir çox sahədə mütəxəssis olan insanlardan istifadə edilmədiyini bildirib. M. Arif proqramın formatına da etiraz edib: “Test xarakterli sualları nə özümə, nə də digər rəqiblərimə yaraşdırmıram. Mən bu sualları 45 il əvvəl cavablandırmışam”.

Həsən Ruhani və Möhsün Rzayi də M. Arifi dəstəkləyərək İran dövlət televiziyasının teledebatın formatını namizədlərə məsləhətləşərək təyin etməsini məsləhət görüblər.

Qeyd edək ki, teledebatın aparıcısı namizədlərdən ölkədəki iqtisadi problemlərin həlli ilə bağlı iki cavab vermək imkanı olan suallar soruşub. Ancaq bu test ciddi narazılığa səbəb olub və aparıcı da namizədlərə həmin sualları verməyib.

Qulaməli Həddad Adil isə deyib ki, əsas prioriteti iş imkanlarını təmin etməkdir: “Mən hesab edirəm ki, fabrik və zavodları təşviq etməklə iş yerləri yaratmaq lazımdır”. O, rəqibi M. Arifi ölkədəki problemləri mühafizəkarların üzərinə atmaqda günahlandıraraq islahatçıların dövründə də mühafizəkarların eyni vəziyyətlə üzləşdiyini vurğulayıb. Q. Adil prezident seçiləcəyi təqdirdə siyasi mövzular və mütəxəssis tələb edən sahələrin tamamilə bir-birindən ayrı qiymətləndiriləcəyini söyləyib.

Həsən Ruhani ölkədə 3 milyon işsiz olduğunu və əsas prioritetinin mütəxəssislər yetişdirərək iş yerləri açmaq olduğunu bildirib. O, dövlətin fərqli siyasi görüşlərə sahib şəxslər tərəfindən idarə olunmaqla müxtəliflik yaradılması lazım olduğunu, cəmiyyətə ifadə azadlığı verilmədən ölkədəki problemlərin aradan qaldırıla bilinməyəcəyini söyləyib.

Əli Əkbər Vilayəti isə vurğulayıb ki, H. Ruhaninin fərqli siyasi düşüncəyə malik insanların ölkə rəhbərliyində iştirak etməsi fikrinə həmin şəxslərin nizama və “vilayəti fəqih”ə bağlılıq nöqtəsində birləşmələri halında razıdır.

Bundan əlavə, bütün namizədlər İran prezidenti Mahmud Əhmədinejad dövründə həyata keçirilməyə başladılan subsidiyaların bölüşdürülməsi siyasətini prinsip etibarilə düzgün saysalar da, ancaq proqramın icrasında əskiklik və səhvlər olduğunu bildiriblər. Onlar ölkədəki yüksək inflyasiyanın da subsidiyaların bölüşdürülməsinin səhv icrasının nəticəsi olduğunu açıqlayıblar. Namizədlər prezident seçiləcəkləri təqdirdə subsidiyaların bölüşdürülməsi siyasətini Konstitusiyadakı maddələrə bağlı qalaraq icra edəcəklərini vurğulayıblar. Eyni zamanda onlar İrana qarşı neft sanksiyalarının ölkə iqtisadiyyatını təhdid altında qoymasına baxmayaraq, düzgün siyasət və uzaqgörənliklə fürsətə çevrilə biləcəyini söyləyiblər. Namizədlər ölkə iqtisadiyyatının neft gəlirindən asılılığının azaldılmasını və xam neft satışı əvəzinə, emal edilərək müxtəlif məhsullar əldə olunmasının iqtisadi proqramlarına daxil olduğunu qeyd ediblər.

Teledebatlar gələn həftə mədəniyyət və siyasət mövzusunda müzakirələrlə davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR