YAP-çı deputat hakimləri kəskin tənqid edib

YAP-çı deputat hakimləri kəskin tənqid edib
# 22 oktyabr 2013 11:22 (UTC +04:00)

Parlament Məhkəmə-Hüquq Şurası haqqında qanuna dəyişikliklər layihəsini qəbul edib

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin bu gün keçirilən iclasında Məhkəmə-Hüquq Şurası (MHŞ) haqqında qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Komitə sədri bildirib ki, bir il əvvəl “Məhkəmələr və Hakimlər” haqqında qanuna dəyişiklik olunub: “O vaxt dəyişikliyin mahiyyəti ondan ibarət idi ki, tədris prosesinə hakimliyə sənədlərinmi təqdim edən, habelə tədris zamanı hakimlərin öz razılığı ilə onların ezam olunması üçün hüquqi əsas yaradır. Eyni zamanda işin təşkili vəziyyətinin yoxlanılması prosesində digər hakimiyyət orqanlarının müdaxiləsi olmasın deyə hakimlərin öz razılığı ilə onların iki il ərzində ezam olunmasını qəbul etdik. Artıq “Məhkəmələr və Hakimlər” haqqında qanuna salınan bu məsələlərin Məhkəmə-Hüquq Şurası haqqında qanuna köçürülməsinə ehtiyac var. Çünki bunu həyata keçirmək Məhkəmə-Hüquq Şurasına səlahiyyətlərinə aiddir. Bu mənada biz texniki dəyişikliyi təklif edirik”.

Müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev dəyişikliyə etiraz edib: “Biz hansı əsasla hakimi öz fəaliyyətindən iki il müddətinə kənarlaşdırırıq? Əslində hakimin hansı hallarda vəzifəsindən kənarlaşdırılması Konstitusiyada açıq göstərilib. Konstitusiyada açıq göstərilir ki, hakim cinayətə yol verən zaman vəzifəsindən kənarlaşdırıla bilər. Biz hamımız bilirik ki, şəxslər hakim olmaq üçün imtahan verirlər, buna ciddi hazırlaşırlar. Hakim məhkəmədə iş aparmalıdır, gedib hanısasa sahədə yoxlama aparmamalıdır. Məhkəmə-Hüquq Şurada hakimlərin orqanıdır. Bu qurumda prokurorların, vəkillərin təmsil olunması da qanunsuzdur. Konstitusiyaya görə, hakimiyyət bölgüsü müəyyən edilib. Əgər məhkəmə hakimiyyəti müstəqildirsə, onda bu qurumun sədrinin hökumətin nümayəndəsinin olması ciddi sual doğurur”.

Deputat Siyavuş Novruzov isə deyib ki, burada söhbət hakimlərin pedaqoji fəaliyyətə cəlb edilməsindən gedir və bu müsbət haldır: “Son zamanlar Məhkəmə-Hüquq Şurasının fəaliyyəti, gördüyü işlər təqdirəlayiqdir. Hesab edirəm ki, şuranın tərkibi genişlənməli və ictimaiyyət də bu prosesə cəlb olunmalıdır. Hakimlərin seçilməsi prosesi şəffaf gedir. Ayrı-ayrı beynəlxalq qurumlar onlara dərs keçir.

Elə ki hakimlər gedib çatırlar məhkəməyə oradakı qoca qurdların əlinə düşürlər. Onlara elə dərs keçirlər ki, Məhkəmə-Hüquq Şurasının keçdiyi dərs yaddan çıxır. Biz burada onları seçilən zaman görmüşük, özlərini imam balası kimi aparırlar. Elə ki vəzifəyə keçdilər camaatın canına düşürlər. İkinci problem isə məhkəmə qərarlarının icrası məsələsinə aiddir. Bu da lap BMT-nin qəbul etdiyi qətnamələrə oxşayır. Burda da məhkəmə qərarının icrası sərf eləmir, deyir ki, icra edə bilmirəm. Elə ki, yanından keçirsən, dərhal icra edirlər. Fikrimcə, Məhkəmə-Hüquq Şurası bu məsələyə də diqqət etməlidir. Mən deputat həmkarlarımı qanunu dəstəkləməyə səsləyirəm. Mən ordakı insanları insaflı olmağa çağırıram, insafı birinci yerə qoyun”.

Layihə müzakirələrdən sonra səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR