Gürcü ekspert: “Rusiya Soçi olimpiadasından sonra Cənubi Qafqazda müəyyən dəyişikliklərə hazırlaşır”

Gürcü ekspert: “Rusiya Soçi olimpiadasından sonra Cənubi Qafqazda müəyyən dəyişikliklərə hazırlaşır”
# 20 may 2013 08:44 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. “Cənubi Qafqazda oyunçular hazırlaşırlar ki, Soçidə baş tutacaq Olimpiya oyunlarından sonra müəyyən dəyişikliklər etsinlər. Çünki çoxlu sayda xarici ekspertlər deyirlər ki, Rusiya Qafqazdakı taktikasını dəyişəcək. Buna hazırlaşmaq lazımdır”. Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında Qafqaz üzrə gürcüstanlı ekspert Mamuka Areşidze bildirib.

Onun sözlərinə görə, hazırda Suriya hadisələri ilə bağlı Qərblə Rusiya və onun müttəfiqləri arasında geosiyasi oyun gedir: “Əgər Əsəd rejimi məhv olarsa, növbə İrana çatacaq. Bunu hamı gözəl başa düşür. İran atom ideyaları təcrübəsini davam etdirdikcə, bu məsələ həmişə göydən asılı qalacaq və günün ən kəskin məsələsi kimi gündəlikdə olacaq. Bununla yanaşı, Qərb Rusiyanın 2014-cü ildə baş tutacaq Olimpiya oyunlarından sonra həyata keçirəcəyi siyasətinə qarşı hazırlaşır. Rusiya da buna hazırlaşır. Qəribədir ki, Rusiya öz “dostu” Azərbaycanı və yaxın dostu Ermənistanı eyni vaxtda sıxışdırmağa başlayıb”.

M.Areşidze qeyd edib ki, hazırda Qarabağ ikinci plana keçib: “İndi ən başlıca məsələ bundan ibarətdir ki, Rusiya erməniləri Gömrük İttifaqına üzv olmaq üçün imza atmağa məcbur etsin və onlar Avrasiya İttifaqına üzv olmağa hazır olsunlar. Hələ ki Ermənistan bundan çəkinir. İndi Rusiya Ermənistanı cəzalandırmaq istəyir və Ermənistana satdığı qazın qiymətini 67% bahalaşdırıb. Bu, çox böyük artımdır və Ermənistanda Rusiyanın siyasətinə qarşı narazılıqlar başlayıb. Digər tərəfdən, Bakı və Moskva arasında Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqlinə dair həll olunmamış məsələ var. Rusiya bu məsələdən istifadə etməklə Azərbaycana təzyiq göstərir. Deməli, Cənubi Qafqazda ümumi situasiya belədir: həm Ermənistan, həm də Azərbaycan Moskvanın tələbini yerinə yetirmədikləri üçün Rusiya tərəfdən sıxışdırılmağa başlayıblar”.

Ekspert Gürcüstandakı hökumət dəyişikliyindən keçən müddətdə rəsmi Tiflisin Rusiya ilə əlaqələrinə də münasibət bildirib: “Hələ ki Rusiya Gürcüstanla nəyisə ayırd edə bilmir. İndiki İvanişvili hakimiyyəti nəsə müəyyən ideyalar irəli sürür və onu öhdəliklərlə təsdiq etmir. Bu ideyalar Rusiya tərəfindən qəbul olunandır. Bunlar nə danışıqlar prosesində, nə də digər yolla təsdiq olunmur və belə çıxır ki, Gürcüstan hakimiyyəti də nəsə özül hazırlayır. Hakimiyyət elə hərəkət edir ki, qırmızı xətti keçməsin. Digər tərəfdən düşünür ki, Rusiya hansı mümkün addımları ata bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR