Daha bir xarici investor Azərbaycan bank sektorunda iştirak payı alıb

Daha bir xarici investor Azərbaycan bank sektorunda iştirak payı alıb
# 10 yanvar 2014 13:58 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. ABŞ-da aktivlərin idarə edilməsi sahəsində fəaliyyət göstərən «Equator Capital Partners» şirkəti tərəfindən idarə olunan investisiya «ShoreCap II Ltd.» Fondu Azərbaycanın «Turanbank» ASC-nin nizamnamə kapitalında iştirak payı alıb.

«APA-Economics»in məlumatına görə, bu sövdələşmə bankın ötən ilin sonunda 4 000 154 manat həcmində 3 697 ədəd adi, adlı, sənədsiz səhm emissiyasının yerləşdirilməsi zamanı bağlanıb. Belə ki, buraxılan səhmlərin 3 028 ədədini alan Fond buna 3 276 296 manat ödəyib və bununla da Azərbaycan bankının yeni səhmdarı olub.

Qeyd edək ki, «Turanbank»ın yeni səhmdarı olan «ShoreCap II Ltd.» Fondunun əsas fəaliyyət istiqaməti Asiya və Afrika qitələrində inkişaf etməkdə olan ölkələrdə fəaliyyət göstərən banklar, mikro-maliyyə institutları və qeyri-bank maliyyə təşkilatlarına investisiya qoyuluşlarıdır.

Xatırladaq ki, son səhm emissiyası nəticəsində «Turanbank» nizamnamə kapitalını 10% artırmaqla 44,002 mln. manata, məcmu kapitalını isə 50,7 mln. manata çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR