Hacıbala Abutalıbov Bakıdakı qeyri-qanuni duracaqların ləğvi haqqında sərəncam imzalayıb - VİDEO

Hacıbala Abutalıbov Bakıdakı qeyri-qanuni duracaqların ləğvi haqqında sərəncam imzalayıb - <span style="color: red;">VİDEO
# 17 aprel 2014 09:58 (UTC +04:00)

Bakı - APA. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov paytaxtdakı qeyri-qanuni yaradılmış avtomobil duracaqlarının ləğv edilməsi barədə sərəncam imzalayıb.

BŞİH-dən APA-ya verilən məlumata görə, sərəncamda qeyd edilir ki, şəhərdə müasir tələblərə cavab verən avtomobil duracaqları yaradılmasına baxmayaraq, hələ də şəhərin bəzi küçə və prospektlərində yol kənarlarında sürücülər tərəfindən bir-iki, hətta üç sıra avtomobillərin saxlanılması hallarına yol verilir. Bu da həmin küçə və prospektlərdə uzun tıxacların yaranmasına, nəqliyyatın hərəkətinin iflic vəziyyətinə düşməsinə, xüsusi avtomaşınların (təcili yardım, yanğınsöndürən və s.) hərəkətlərində çətinliklərin yaranmasına gətirib çıxarmaqla vətəndaşların haqlı narazılığına səbəb olur.

Bakı şəhəri ərazisinin küçə və prospektlərində avtonəqliyyat vasitələrinin duracaq yerlərinin müəyyən edilməsi və duracaqlarda işin təşkili müstəsna olaraq BŞİH-in səlahiyyətinə aiddir. Bunu nəzərə alaraq, BŞİH başçısı Bakı şəhərinin küçə və prospektlərində, park və xiyabanların, metro çıxışlarının ətrafında, səkilərdə fiziki şəxslər, həmçinin heç bir hüquqi əsası olmadan bəzi dövlət strukturları, idarə, təşkilat, müəssisə və ticarət obyektləri sahibləri tərəfindən qeyri-qanuni yaradılmış duracaqların (sərnişin daşıyan nəqliyyat vasitələrinin təyin olunmuş duracaqları istisna olmaqla) ləğv edilməsi barədə sərəncam verib. Sərəncamda qeyd edilib ki, tabeçiliyindən asılı olmayaraq qeyri-qanuni fəaliyyət göstərən duracaq və ya belə fəaliyyət təşkil etmək istəyən hüquqi və fiziki şəxslərə qarşı inzibati cərimə sanksiyaları və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər həyata keçiriləcək.

BŞİH-in Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə tapşırılıb ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi və Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə birlikdə Bakı şəhəri ərazisində duracaqların təşkili üçün yol hərəkəti təhlükəsizliyinə cavab verən və avtomobillərin daha çox toplandığı əraziləri müəyyən etsin və müəyyən edilmiş ərazilərdə avtonəqliyyatın hərəkətini məhdudlaşdırmadan yol kənarlarında müvəqqəti duracaqlar yaradılmasını təşkil etsin. Eyni zamanda yaradılmış duracaq ərazilərinin nişanlanması və duracaqların müvafiq (tariflər və vaxtı göstərən) məlumat lövhələri ilə təmin edilməsini, duracaq işinin nizamlanmasını həyata keçirsin. BŞİH-in Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi işin effektiv aparılması üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə əməkdaşlıq edəcək. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi duracaqlara nəzarət məqsədilə quraşdırılmış mövcud texniki-müşahidə vasitələrinin (kameraların) görüntülərindən və digər texniki imkanlardan istifadəsinə şərait yaratmalıdır. Qərara əsasən, BŞİH-in Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi pulu dayanacaqlarda nəqliyyat vasitələrinin saxlanılması qaydalarını müəyyən etməlidir.

Eyni zamanda daxili işlər naziri Ramil Usubova müraciət edilib. Daxili İşlər Nazirliyindən Bakı şəhərində durma və parklanma probleminin aradan qaldırılması və tıxacların qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsinə və Bakı Baş Polis İdarəsinə tapşırıqlar vermək, Baş Dövlət Yol Polisi İdarəsinə nəqliyyat vasitələrinin sahiblərinin mənsubiyyəti ilə bağlı məlumatların əldə edilməsi üçün Nəqliyyat Vasitələrinin Qeydiyyatı bazasından istifadə etməyə müvafiq şərait yaratmaq istənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR