5 qat İtaliya çempionu Azərbaycanda oynayacaq

5 qat İtaliya çempionu Azərbaycanda oynayacaq
# 19 may 2014 08:12 (UTC +04:00)

Bakı – APA. Azərbaycan çempionu “Rabitə” növbəti transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi italiyalı ulduz Françeska Ferrettinin keçidini rəsmiləşdirib.

30 yaşlı toppaylayıcı ilə 1 illik anlaşma əldə edilib.

Ferretti “Rabitə”yə son 2 mövsümü oynadığı və çempion olduğu “Pyaçentsa”dan gəlib. O, Azərbaycana gəlməklə karyerasında ilk dəfə legioner həyatı yaşayacaq. Çünki Ferretti indiyədək vətənində “Reggio”, “Klub İtalia”, “Peruca”, “Çieri”, “Modena” və “Pesaro”nun şərəfini qoruyub.

180 sm boya malik oyun qurucusu 5 dəfə A seriyasının, 3 dəfə İtaliya kubokunun, 4 dəfə ölkə Superkubokunun və 1 dəfə CEV kubokunun qalibi adını qazanıb.

2003-2011-ci illərdə əsas yığmasının formasını geyinən Françeska bu komanda ilə Avropa çempionu olub və Dünya Kubokunu başı üzərinə qaldırıb. O, həmçinin Qran-prinin 2 qat finalçısı və bürünc mükafatçısıdır.

Qeyd edək ki, Ferretti Katarjina Skorupanı əvəzləməlidir. Çünki polşalı toppaylayıcı əməliyyat olunduğundan meydana bir qədər gec qayıdacaq.

İtaliyalı voleybolçunun transferi ilə isə “Rabitə”də yeni oyunçuların sayı 20-yə çatıb. Bakı təmsilçisi ona qədər Katarjina Skovronska, Aurea Kruz, Nataşa Krsmanoviç (hər üçü 1 il), Katarjina Skorupa və Nutsara Tomkomla (2 il) da anlaşmanın müddətini uzatmışdı. Həmçinin, müqaviləyə əsasən Brenda Kastillo, Foluke Akenradevo (daha 1 il), Rozanna Giel Ramos, Yoana Palasio Mendoza, Salas Vilma Rosell, Xiselye da Silva Franko ( hamısı 5 il), Tori Dikson, Gina Mankuso, Kristi Cekson, Kayla Banvart, Britni Kuper, Reyçel Rurk və Dora Horvat (hamısı daha 2 il) da “Rabitə”yə məxsusdur. Ferrettidən öncə isə kubalı Ana Klegerlə 5 illik müqavilə bağlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR