Günter Ottinger: “Cənub Qaz Dəhlizi sayəsində Azərbaycan Avropanın qaz tələbatının minimum 10, maksimum 20 faiz tələbatını ödəyə bilər”

Günter Ottinger: “Cənub Qaz Dəhlizi sayəsində Azərbaycan Avropanın qaz tələbatının minimum 10, maksimum 20 faiz tələbatını ödəyə bilər”
# 03 iyun 2014 07:16 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycan etibarlı tərəfdaş kimi özünü təsdiq edib”.

APA-nın məlumatına görə, bunu Bakı Ekspo Mərkəzində keçirilən XXI Beynəlxalq Neft və Qaz sərgi və konfransının açılışında Norveçin neft və energetika nazirinin müavini Kare Fostervold deyib.

K. Fostervold Azərbaycanın şəffaflıq sahəsində fəaliyyətini alqışladıqlarını da bildirib.

Daha sonra Avropa Birliyinin enerji komissarı Günter Ottingerin məktubu oxunub.

Məktubda qeyd edilir ki, Cənub Qaz Dəhlizi ilə bağlı əhəmiyyətli irəliləyiş əldə olunub: “Azərbaycan qazının 2019-cu ilə qədər Avropaya çatdırılması istiqamətində qarşıda həlledici addımlar durur. Cənub Qaz Dəhlizi Avropanı enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Avropanın il ərzində 550 milyard kubmetr qaza ehtiyacı var. Cənub Qaz Dəhlizi sayəsində Azərbaycan Avropanın qaza olan tələbatının minimum 10, maksimum 20 faizini ödəyə bilər. Tansxəzər kəməri ilə bağlı Türkmənistanla danışıqları da dəstəkləyirik. Biz gələcək əməkdaşlığa nikbin baxırıq”.

BP şirkətinin baş icraçı direktoru Robert Dadli bildirib ki, Heydər Əliyevin müdrikliyi sahəsində BP Əsrin Müqaviləsinə imza atıb, Azərbaycan aparıcı neft-qaz ölkəsinə çevrilib: “Biz 20 il əvvəl Əsrin Müqaviləsini imzaladıq. Bu, tək Azərbaycan deyil, BP üçün də çox faydalı olub. Prezident İlham Əliyev və ARDNŞ-in dəstəyi olmasaydı, bu uğurlar qazanıla bilməzdi. Aparıcı infrastruktur yaradılıb, Xəzər dənizində böyük platformalar qurulub”.

R. Dadli “Azəri-Çıraq-Günəşli” yatağından dünya bazarına 2500 tanker yola salındığını bildirib: “Ötən ilin sonunda “Şahdəniz” yatağının ikinci mərhələsinin təsdiqlənməsi ilə bağlı BP və ARDNŞ yeni işlər görülüb. Sualtı hasilatda yeni texnika istifadə ediləcək. Cənub Qaz Dəhlizi üçün 3500 km boru tikiləcək, bu, Bakı-Tbilisi-Ceyhan neft kəmərindən 2 dəfə uzun olacaq. Nəticədə çoxsaylı iş yeri yaranacaq”.

O, BP-nin Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunlarına dəstək verəcəyini də nəzərə çatdırıb: “Bu bizim gələcəyə qoyulmuş sərmayəmizdir”.

Çıxışlar başa çatandan sonra prezident İlham Əliyev sərgi ilə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR