“Ədəbiyyat biliciləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Ədəbiyyat biliciləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 18 iyun 2016 12:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Təhsil Nazirliyində “Ədəbiyyat biliciləri” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Təhsil Nazirliyinin əməkdaşları, müsabiqənin Təşkilat Komitəsinin və münsiflər heyətinin üzvləri, müsabiqə qalibləri iştirak ediblər.

Nazir müavini Ceyhun Bayramov bildirib ki, şagirdlərin biliyə yiyələnməsi, onların şəxsiyyət kimi formalaşması, mütaliə mədəniyyətinin inkişafında məktəblərin mühüm rolu var. O deyib ki, son illərdə şagirdlərdə mütaliə mədəniyyətinə diqqətin azalması müşahidə edilirdi: “Bu da Təhsil Nazirliyini narahat edirdi. Şagirdlərdə ədəbiyyata marağı artırmaq, mütaliə mədəniyyətini inkişaf etdirmək məqsədilə müvafiq fəaliyyət planının icrasına başlanıb və bunun davamı olaraq ötən ilin may ayından Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi təşkil olunub”.

C. Bayramov qeyd edib ki, ilk dəfə keçirilən müsabiqə 3 mərhələdən ibarətdir: “Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 25 minə yaxın şagird iştirak edib. Onların arasından fərqlənən 4 037 nəfər şagird rayon (şəhər) mərhələsində iştirak hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi mart ayında yekunlaşıb və 93 şagird ölkə mərhələsinə çıxıb. Qaydalara görə, bu mərhələdə iştirakçılar 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar. Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə, 5 nəfər birinci, 10 nəfər ikinci, 15 nəfər üçüncü yerə layiq görülüb”.

Tədbirin davamında çıxış edən Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcid, təhsil eksperti Etibar Əliyev müsabiqənin keçirilməsini yüksək qiymətləndiriblər və şagirdlərə uğurlar arzulayıblar.

Sonda qaliblər diplom, tərifnamə və hədiyyələrlə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR