Azərbaycan yaxşı kapitallaşmış ölkədir və ölkədə kapital çatışmazlığı müşahidə edilmir.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində panel müzakirəsində London Stock Exchange Group-un (LSEG) ilkin bazarlar üzrə Avropa rəhbəri Ayuna Nechaeva bildirib.
O qeyd edib ki, Azərbaycanın dövlət borcunun çox aşağı səviyyədə olması da təsadüfi deyil. Onun sözlərinə görə, Azərbaycan şirkətlərinin yerli və ya beynəlxalq bazarlardan kapital cəlb etməsi yalnız maliyyələşmə və investisiya portfelinin şaxələndirilməsi baxımından əhəmiyyət daşımır.
Ayuna Nechaeva bildirib ki, birjada listinq şirkətlərin beynəlxalq nüfuzunu və tanınmasını artırır, səhmlərdən birləşmə və satınalma (M&A) əməliyyatlarında nağd vəsait əvəzinə istifadə etməyə imkan verir, şirkətin bazar dəyərinin formalaşmasını və investorlar üçün likvidliyi təmin edir.
Ayuna Nechaeva kapital bazarlarının iqtisadiyyatın şaxələndirilməsində mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, səhm bazarları sərvətin daha geniş bölüşdürülməsi və investisiya portfellərinin, o cümlədən pensiya fondlarının portfellərinin böyüməsi baxımından vacibdir.
Ayuna Nechaeva eyni zamanda yaxşı işləyən kapital bazarının qısa müddətdə formalaşmadığını qeyd edib və London Fond Birjasının 300 illik tarixini buna nümunə göstərib.
LSEG-in regiondakı yerli fond birjaları ilə sıx əməkdaşlıq etdiyini bildirən Ayuna Nechaeva Özbəkistanda Daşkənd Fond Birjası ilə London Fond Birjasında ikili listinq təcrübəsini, Qazaxıstanda isə Astana Beynəlxalq Birjası, Qazaxıstan Fond Birjası və London Fond Birjasını əhatə edən üçlü listinq modelini nümunə göstərib.
Ayuna Nechaevanın sözlərinə görə, böyük yerləşdirmələr zamanı yerli investorların da beynəlxalq investorlarla eyni imkanlarla əməliyyatlarda iştirak etməsi vacibdir.
O əlavə edib ki, London Fond Birjası şirkətləri hazır olmadan bazara çıxmağa təşviq etmir. LSEG üçün əsas məqsəd listinqdən sonra şirkətin uzunmüddətli uğurunun, səhmlərinin likvidliyinin və bazarda dayanıqlı fəaliyyətinin təmin edilməsidir.