Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 8 il ötür

Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 8 il ötür
# 19 mart 2015 14:08 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasından 8 il ötür.

APA-nın DMX-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu münasibətlə xidmətin rəhbərliyi və miqrasiya orqanlarının bir qrup əməkdaşı Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə çiçək dəstələri düzülüb.

Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən övladlarının unudulmaz xatirəsi yad edilib, "Əbədi məşəl" kompleksinin önünə əklil qoyulub.

Daha sonra Dövlət Miqrasiya Xidmətinin aparatında bu qurumun yaradılmasının ildönümünə, miqrasiya orqanları əməkdaşlarının peşə bayramına və Novruz bayramına həsr olunmuş təntənəli mərasim keçirilib. Xidmətin rəisi Firudin Nəbiyev qurumun 8 il ərzində fəaliyyəti barədə məruzə ilə çıxış edib. O bildirib ki, bu gün miqrasiya proseslərinin tənzimlənməsində və idarəolunmasında qabaqcıl beynəlxalq təcrübə öyrənilərək tətbiq olunur, müasir dövrün tələbləri nəzərə alınmaqla miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir, kadrların bilik və bacarıqlarının artırılması üzrə təlim və seminarlar keçirilir, müasir texniki avadanlıqlarla təmin edilməklə xidmətin infrastrukturu genişləndirilir. Xidmət rəisi deyib ki, bu ilin yayında ölkədə keçiriləcək 1-ci Avropa Oyunları zamanı da miqrasiya orqanları əməkdaşları öz missiyalarını layiqincə yerinə yetirmək üçün bütün qüvvə və səylərini səfərbər edəcəklər.

Sonda xidmətdə fərqlənmiş əməkdaşlardan 53-ü fəxri fərman, 7-i “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” medalı ilə təltif olunub. 42 miqrasiya qulluqçusuna növbəti, növbədənkənar və vaxtından əvvəl xüsusi rütbələr təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR