Azərbaycanda 14 min nəfərə yaxın tənha ahıl və əlilə evlərində sosial-məişət xidməti göstərilir

Azərbaycanda 14 min nəfərə yaxın tənha ahıl və əlilə evlərində sosial-məişət xidməti göstərilir
# 29 oktyabr 2014 08:39 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial işçiləri tərəfindən hazırda 13 082 nəfər tənha ahıl və əlil vətəndaş evlərində sosial-məişət xidməti ilə təmin edilir. Xidmətlə təmin olunanların 10 852-i yaşı 70-dən yuxarı olanlardır.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, evlərində xidmət göstərilənlərin 8 155 nəfəri şəhər və qəsəbələrdə, qalanları isə kənd yerlərində yaşayır. Şəhər və şəhər tipli qəsəbələrdə, rayon mərkəzlərində 1 nəfər sosial işçi 12 nəfərə, kənd yerlərində isə 8 nəfərə xidmət göstərir. Sosial işçilər həftədə ən azı iki dəfə tənha ahıl və əlil şəxslərin evlərində olaraq onlara təmizlik işlərinin aparılmasında, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə köməklik göstərirlər.

Evlərində tək yaşayan və yaşadıqları rayonda (şəhərdə) qanunla onları saxlamağa borclu övladları, yaxud valideynləri olmayan 70 yaşına çatmış tənha ahıl vətəndaşlar, həmçinin I qrup əlillər, başqasının köməyinə ehtiyacı olan II qrup əlillər yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadığı halda xidmətə götürülürlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR