Tural Abbaslı: "Müsavatda İsa Qəmbərin iştirakı ilə başqanlığa namizəd olmuş şəxslərin qapalı görüşünü təşkil edib, problemləri həll etmək olar"

Tural Abbaslı: "Müsavatda İsa Qəmbərin iştirakı ilə başqanlığa namizəd olmuş şəxslərin qapalı görüşünü təşkil edib, problemləri həll etmək olar"
# 13 noyabr 2014 09:29 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Qurultaydan sonra yaranmış partiyadaxili gərginliyi ultimativ bəyanatlarla, partiyadan çıxarmalarla, təhdidlərlə, hədə-qorxularla, xəbərdarlıqlarla həll etmək qətiyyən mümkün olmayacaq. İstər qurultay günü seçkinin keçirilməsindən, istərsə də mənim kimi qurultaydan sonra partiyanın idarəçiliyindən, partiya daxilində yaranmış münasibətlərdən, partiya rəhbərliyinin formalaşmasından narazı olanlar var. Bunlar partiyanın 50 faizə qədərini təşkil edir. İndi qurultayda Arif Hacılıya səs verməyən 220 nəfəri və onların ətrafındakı bütün insanları partiyadan çıxaracaqlar?..”

Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyasının başqanlığına sabiq namizəd Tural Abbaslı deyib. O bildirib ki, partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) Kamil Xəlilbəylinin partiyadan xaric olunması ilə bağlı qərarını uğursuz addım sayır və Hikmət Hacızadənin partiyada fəaliyyətini dondurmasını dəstəkləmir: “MNTK-nın qərarında Kamil Xəlilbəylinin partiyadan çıxarılmasının səbəbi kimi partiyanın digər üzvü ilə konflikti əsas gətirilir. Əslində bu qərar partiyadakı son gərginliklərlə əlaqədardır, çünki partiyada əvvəllər də anoloji hallar olmuşdu, lakin belə cəza tədbirinə əl atılmamışdı. MNTK-nın bu qərarının Nizamnaməyə nə dərəcədə uyğun olub-olmaması bir yana, bu addım siyasi baxımdan çox uğursuz bir addımdır. MNTK-nın, bundan əvvəl partiyanın Divanının xəbərdarlıq yayması, bəyanatlarda kimlərinsə bölücülükdə, dağıdıcılıqda ittiham edilməsi qəbuledilməzdir. Hikmət Hacızadənin öz qərarıdır, amma onun partiyada fəaliyyətini dondurmasını da dəstəkləmirəm. Çünki fəaliyyəti dondurmaq, yaxud istefa vermək çıxış yolu deyil”.

T. Abbaslı partiyada yaranmış gərginliyin həlli yolunun partiyanın seçilmiş rəhbərindən – Arif Hacılıdan asılı olduğunu söyləyib. Onun sözlərinə görə, A. Hacılı istəsə, bu məsələlər daha loyal, daha yüngül formada həllini tapa bilər: "Amma təəssüf ki, belə addımlar atılmır. Məsləhətim o olardı ki, tez bir zamanda lap mətbuata qapalı şəkildə qurultayın nəticələrindən razı və narazı tərəfləri əhatə edən geniş bir iclas çağırılsın və bütün məsələlər orada həll olunsun. Ən azından İsa Qəmbərin iştirakı ilə partiya başqanlığına keçmiş namizədlərin bir qapalı görüşünü təşkil edib, problemləri orada həll etmək olar. Əks halda, kimisə çıxarmaq, qovmaq, təhdid etmək partiyaya uğur gətirməyəcək, bu addımlar partiyanı zəiflədəcək”.

T. Abbaslı partiyada fraksiya yaradılması üçün formalaşdırılmış işçi qrupun fəaliyyətini dayandırmayacağını da açıqlayıb: “Mən fraksiya yaradılmasının, işçi qrupun fəaliyyətinin, partiyadaxili müxalifət formalaşmasının, müsavatçıların bir araya gələrək hansısa addım atmasının Nizamnaməyə zidd olmadığını bəyan edirəm və bu, belədir. Bir dəyirmi masa çağırsınlar, diskussiya təşkil etsinlər ki, bu addımlar Nizamnaməyə ziddir, yoxsa yox. Mən bəyan edirəm ki, partiyada fəaliyyət göstərdiyim 14 il ərzində bir dəfə də olsun Nizamnaməyə və partiyanın siyasi kursunun əleyhinə addım atmamışam və bu gündən sonra da atmayacağam. Kimsə bizim atdığımız addımları Nizamnaməyə və partiyanın siyasi kursuna zidd hesab edirsə, bu, onun subyektiv və qərəzli fikridir. Ən azı bunun əksini sübut etməyənə qədər mən bu fikirdə olacağam. Ən azı Nizamnaməni öyrənsinlər, özləri öz başlarına fitva verməsinlər. Xəbərdarlıqları əsassız sayıram, bu addımları partiyadaxili təkhakimiyyətliliyin verdiyi üstünlükdən sui-istifadə kimi qiymətləndirirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR