Bank Of Baku

Azərbaycanın AİB ilə əməkdaşlığı üzrə 5,6 mlrd. dollarlıq maliyyələşmə həyata keçirilib

Azərbaycanın AİB ilə əməkdaşlığı üzrə 5,6 mlrd. dollarlıq maliyyələşmə həyata keçirilib
# 14 sentyabr 2026 13:10 (UTC +04:00)

Azərbaycanın Asiya İnkişaf Bankına (AİB) üzv olduğu dövrdən etibarən Bankla əməkdaşlıq çərçivəsində 160 layihə üzrə ümumilikdə 5,6 milyard ABŞ dolları həcmində maliyyələşdirmə həyata keçirilib.

"APA-Economics" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 14-də maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə rəhbəri Sahil Babayev ölkəmizdə səfərdə olan AİB-nin Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə AİB arasında tərəfdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, birgə həyata keçirilən layihələr, özəl sektorun inkişafına dəstək, dövlət-özəl tərəfdaşlığı, eləcə də regional əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

Nazir Sahil Babayev uzunmüddətli və etibarlı tərəfdaş kimi Azərbaycanın AİB ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Qeyd edilib ki, Bank tərəfindən ölkəmizdə maliyyələşdirilən layihələr, göstərilən texniki və maliyyə dəstəyi ölkənin inkişaf prioritetlərinin həyata keçirilməsində mühüm rol oynayır. Bildirilib ki, Azərbaycanın AİB-ə üzv olduğu dövrdən etibarən Bankla əməkdaşlıq çərçivəsində 160 layihə üzrə ümumilikdə 5,6 milyard ABŞ dolları həcmində maliyyələşdirmə həyata keçirilib.

2025-2029-cu illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı iqtisadi artımın təmin edilməsində özəl sektorun rolunun gücləndirilməsinin əsas prioritetlərdən olduğu diqqətə çatdırılıb. Bu baxımdan, AİB-in qeyri-suveren əməliyyatlarının genişləndirilməsi, özəl investisiyaların və kapitalın ölkə iqtisadiyyatına cəlb edilməsi imkanlarının artırılmasının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Öz növbəsində, AİB Direktorlar Şurasının üzvləri Azərbaycan ilə Bank arasında uzunmüddətli və səmərəli tərəfdaşlığın əhəmiyyətini qeyd ediblər. Xüsusilə CAREC Proqramı çərçivəsində Azərbaycanla əməkdaşlığın davam etdirilməsi, nəqliyyat, enerji və ticarət sahələrində birgə təşəbbüslərin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin icrası davam edən Azərbaycan Dəmir Yolları Rəqəmsal Transformasiya Layihəsi, eləcə də enerji, nəqliyyat və su sektorlarında AİB ilə birgə hazırlanmaqda olan yeni layihələr müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR