Bu ilin 6 ayı üzrə ölkənin xalis xarici maliyyə aktivləri 3.3 milyard artıb.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (4.3 milyard dollar), portfel investisiyaları (-0.3 milyard dollar) və digər investisiyalar (-0.7 milyard dollar) hesabına formalaşıb.
Hesabat dövründə ölkənin xalis xarici maliyyə öhdəlikləri isə 0.3 milyard dollar artıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-0.1 milyard dollar), neft bonusu (0.4 milyon dollar), portfel investisiyaları (-2 milyard dollar) və digər investisiyalar (2.4 milyard dollar) hesabına formalaşıb.
Həmin dövrdə kreditlər və ssudalar üzrə xalis xarici maliyyə aktivləri 8,3 milyon ABŞ dolları azalıb, xalis xarici maliyyə öhdəlikləri isə 2,5 milyard ABŞ dolları artıb.
Kreditlər və ssudalar üzrə xalis xarici maliyyə öhdəliklərinin artımı bank sektoruna aid öhdəliklərin 0,2 milyard ABŞ dolları, müəssisələrin kreditlərinin 0,1 milyard ABŞ dolları və neft-qaz sektoru üzrə kreditlərin 2,5 milyard ABŞ dolları artması hesabına baş verib. Eyni zamanda, dövlət kreditləri üzrə öhdəliklər 0,2 milyard ABŞ dolları, dövlət zəmanətli kreditlər üzrə öhdəliklər isə 0,1 milyard ABŞ dolları azalıb.
Depozitlər və nağd valyuta üzrə xalis xarici maliyyə aktivləri 1,3 milyard ABŞ dolları, xalis xarici maliyyə öhdəlikləri isə 78,5 milyon ABŞ dolları azalıb.