Azərbaycanda bankların sayının azalmasına baxmayaraq, sektorda rəqabət kifayət qədər yüksək olaraq qalır.
“APA-Economics” xəbər verir ki, bunu “PAŞA Bank”ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev bankın 2026-cı ilin ilk yarısının nəticələrinə həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda bankların hər birinin öz inkişaf strategiyası və ixtisaslaşdığı istiqamətlər mövcuddur.
“Bankların sayı azalıb, amma bazarda qalan banklar rəqabətqabiliyyətlidir. Artıq hər birinin öz inkişaf strategiyası var. Kimisi mikro, kimisi kiçik və orta biznes, digəri isə pərakəndə bankçılıq sahəsində ixtisaslaşıb”, – Bəhruz Nağıyev bildirib.
O qeyd edib ki, “PAŞA Bank”ın pərakəndə bankçılıqdakı payı digər banklarla müqayisədə nisbətən aşağıdır və bank əsas diqqətini korporativ müştərilərə və biznesin maliyyələşdirilməsinə yönəldib.
Nağıyevin sözlərinə görə, bank biznes müştərilərinə maliyyələşmə imkanları təqdim etməklə yanaşı, bu seqmentdə rəqabətli faiz şərtləri təklif etməyə çalışır.