Azərbaycanda kredit bürolarının yaradılması ilə növbəti danışıqlar keçirilib

Azərbaycanda kredit bürolarının yaradılması ilə növbəti danışıqlar keçirilib
# 30 yanvar 2013 14:52 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda kredit bürosunun yaradılması ilə bağlı formalaşmış xüsusi komitənin görüşü keçirilib. Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, beynəlxalq kredit bürolarının Azərbaycanda özəl kredit bürosunun texniki partnyoru olmaq istəyi ilə bağlı məsələlər müzakirə edilib.

Qeyd edək ki, «AGBank», «Azərbaycan Sənaye Bankı», «Bank Respublika», «Dəmirbank», «Muğan Bank», «Turanbank», «Paşa Bank», «YapıKredi Bank Azerbaijan» tərəfindən Kredit Bürosunun Yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Bu banklar Azərbaycanda ilk özəl kredit bürosunun yaradılmasına dair birgə razılığa gəlib, həmçinin kredit bürosunun yaradılmasına dair öz nümayəndələrindən ibarət İcra Komitəsi təşkil edib. İcra Komitəsinin bütün üzvləri ölkədə özəl kredit bürosunu yaratmaq və bu işdə səhmdar qismində iştirakda maraqlı olduqlarını bildirib. Bu niyyət müxtəlif növ kredit hesabatları, skorinq alətləri, şübhəlilik indikatorları kimi yüksək keyfiyyətli məhsulların yaradılması üçün yalnız özəl kredit bürosunun real potensiala malik olması inamından irəli gəlir. Banklar telekommunikasiya şirkətləri və kommunal xidmətlər göstərən şirkətlər kimi müxtəlif qanuni mənbələrdən borcalanların ödəmə davranışları haqqında məlumat toplamaq imkanına malik olacaq kredit bürolarının yaradılmasında israrlıdır.

Kredit bürosunun yaradılması üçün ən vacib elementlərdən biri qanunvericilik strukturudur. İcra Komitəsinin üzvləri Mərkəzi Bank tərəfindən hazırlanmış «Kredit Büroları haqqında» qanun layihəsi ilə tanış olub və onun kredit məlumatı mübadiləsi sistemini təkmilləşdirə biləcəyinə inandıqlarını bildirib. İcra Komitəsinin üzvləri qanun layihəsini və IFC-nin ona dair şərhlərini nəzərdən keçirib və öz tövsiyələrini veriblər. Bu tövsiyələr IFC-nin şərhlərinə daxil edilib və Mərkəzi Banka təqdim olunub.

Qanun layihəsi qəbul ediləcəyi vaxtadək hazırlıq işlərini bitirmək məqsədi ilə hazırda Texniki Təchizatçılardan Təkliflərin Alınması üzərində iş gedir. Texniki Təchizatçı və ya digər sözlərlə gələcək kredit bürosunun strateji partnyoru, yeni yaradılan Kredit Bürosuna texnologiya və idarəetmə baxımından kömək edə biləcək şirkətdir. Bu partnyor qabaqcıl təcrübəyə əsaslanaraq texnologiya, qarşılıqlı, təhlükəsizlik, məxfilik və istehlakçıların hüquqlarının qorunması baxımından ən müasir özəl kredit bürosunun yaradılmasında yardım göstərə biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR